19 yaşadək qızlar arasında voleybol üzrə Avropa çempionatının 2-ci seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, oyunları Latviyada keçirilən F qrupunda mübarizə aparan Azərbaycan yığması ilk turda meydan sahibləri ilə görüşüb.
Vüqar Əliyevin baş məşqçisi olduğu millimiz bu görüşün birinci setində qalib gəlsə də, üstünlüyünü əldən verib – 1:3 (25:22, 25:22, 25:16, 30:28). Marçın ən məhsuldar oyunçuları isə yığmamızın üzvləri olub. Natalya Başnakova 23, Anastasiya Bessonova 19 xal toplayıb. Lyubov Qaluşko 7, Nelli Salbişvili 6, Nərminə Musayeva və Leysan Lyovkina hərəyə 2 xal yığsa da, bu, komandamıza kifayət etməyib.
Qrupumuzun digər oyununda Sloveniya Fransanı məğlub edib – 3:0 (25:22, 25:21, 25:18). Millimiz bu gün balkanlılarla görüşəcək. Matç Bakı vaxtı ilə 17:30-da start götürəcək.