Yığmamızın baş məşqçisi “11-liyi” dəyişmədi
23.11.2015 - 17:35
Yığmamızın baş məşqçisi “11-liyi” dəyişmədi

Cüdo üzrə Azərbaycan millisi daha bir Qran-pri turnirinə qatılacaq. Apasport.az saytının məlumatına görə, yığmamız Çinin Qinqdao şəhərində keçirilən yarışın ardından Cənubi Koreyaya yollanıb.

 

Cüdoçularımız bu dəfə Jejuda olacaq Qran-pridə mübarizə aparacaqlar. Komandamızın baş məşqçisi son turnirlə müqayisədə heyətdə hansısa dəyişikliyə əl atmayıb. O, noyabrın 26-28-də olacaq yarışda yenə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans veriləcək.

 

Qran-pridə ümumilikdə 61 ölkənin 245 kişi cüdoçusu tatamiyə çıxacaq.

 

Qeyd edək ki, bu “11-lik”dən Qinqdaoda Müşkiyevlə Şıxəlizadə qızıl, Orucov gümüş, Qurbanov, Qasımov və Məmmədov bürünc medal qazanmışdı.