
Uzatmağın adı yoxdur. İllərdir deyirik, daha dilimizdə tük çıxdı. Milliyə yerli məşqçi. Millilərə yerli məqşçilər.
Santuşlara, De Byazilərə, bir-bir ad çəkməyim, boş-boş, yarıtmaz, vaxtı keçmiş adamları gətirib, milyonlar verməyə ehtiyac yoxdur. Təcrübə də, acı xatirələr də bunu sübut etdi. Daha bəsdir. Uşaq deyilsiz, deyilik.
2 günə Ukraynadan 1 xal alan Ayxan Abbasov var. Uğurları, uşaqlarla işləmək bacarığı hamıya bəlli. Sumqayıtda, Tovuzda etdikləri, yerli futbolçularla işləmə qabiliyyəti şaha da, rəiyyətə də əyandı.
Digər məsələ, Abbasovun əsas milliyə gedəcəyi təqdirdə U21-in aqibətidir. Mən deyirəm ki, bir saniyə belə düşünmədən bu posta da Aqil Nəbiyev gətirilməlidir. Şəkksiz, şübhəsiz.
Bunun üçün nə qədər desən səbəb var. Milli komandanın aşağı yaş qruplarını Aqil Nəbiyev tək başına çiynində daşıyır desək, yanılmarıq. Nəbiyevin başçılıq etdiyi yaş qrupuyla bağlı artıq hansı xəbər gəlirsə, xəbəri açmamış əmin olursan ki, uğurlu nəticədir.
Komanda III MDB Oyunlarına qələbə ilə başladı. Tacikistanı minimalhesablı məğlub etdi. Hazırda turnirin əsas favoriti elə məhz Nəbiyevin kollektividir. Həmin matçdan bir müddət öncə komanda Gürcüstanı üstələməyi bacardı. Ondan öncə də Moldovanı.
Bir şey də var ki, onu illərdir deyirik, Aqil aşağı yaş qruplarından uşaqları yetişdirir, oynadır, böyüyürlər, it-bat olurlar. Kimləsə problemim yoxdur, amma kor-kor, gör-gör. Nəbiyevin illərdi gördüyü işin 10 faizini İlham Yadullayevlər, Elxan Abdullayevlər görmədi, görə bilmədi, bəlkə də görmək istəmədi.
İndi isə bunun üçün əla fürsət var. Həm Ayxan Abbasov üçün, həm də Aqil Nəbiyev üçün əsl vaxtdır. Yuxarı yaş qruplarında hazırda forma geyinən uşaqlar elə illər qabaq Aqilin əlindən su içən futbolçulardır. Dillərini, potensiallarını Aqildən yaxşı bilən, istifadə edən adam olmaz.
Heç olmasa futbolumuzda layiq olan adamları müvafiq vəzifələrdə görək. Elxanlarla, İlhamlarla, Rəşad Eyyubovla, nə bilim, uşaq, ölkə futboluna canı yanmayan digər adamlarla bu işin alınmadığını görmüşük. Başqa macəraya ehtiyac yoxdur.
AFFA rəhbərliyi həqiqətən ölkə futbolunun bataqlıqdan çıxma yolunda addım atmasını istəyirsə, bu 2 təyinatı təcili şəkildə yerinə yetirməlidir: Ayxan milliyə, Aqil U21-ə.
"Apasport" olaraq qardaş məsləhəti.
- Samir Abasov: "Qarabağ"ın Hegemonluğuna Son Qoyan Adam
- Rəşad Sadıqov: Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq
- Bəhmən Həsənov: "Mənə qarşı haqsız davranışlar futboldan kənarda qalmama səbəb olub"
- “Mançester Yunayted” yeni baş məşqçi axtarır
- "Neftçi"də Emin Əfəndi dövrü bitdi - Rüstəm Əfsərli qayıdır