Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
05.05.2025 - 12:36
Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb

Azərbaycan Badminton Federasiyası (ABF) Dünya Badminton Federasiyasının (BWF) illik Baş Toplantısında BWF İnklüziv 2025 mükafatına layiq görülüb.

Apasport.az xəbər verir ki, Afrikada badmintonun inkişafına böyük dəstək verən ABF BWF-nin illik Baş Toplantısında BWF İnklüziv 2025 mükafatına layiq görülüb.

1962-ci ildə təsis olunan federasiya beynəlxalq turnirlər, inkişaf proqramları və strateji tərəfdaşlıqla dünya badmintonun ailəsinin ən fəal üzvlərindən birinə çevrilib.

ABF BWF-nin Şurasına qoşulub. Bu, federasiya üçün tarixi hadisə olub. Çinin Siamen şəhərində keçirilən BWF-nin 86-cı illik Baş Toplantısında ABF-nin prezidenti Taleh Ziyadov beynəlxalq qurumun Şurasına Avropadan 4 il müddətinə üzv seçilib.

143 ölkə, 744 milyon badminton azarkeşi və 400 milyon badminton oyunçusunu təmsil edən BWF-nin illik Ba. Toplantısında tailandlı Kunyinq Patama Lisvadtrakul 4 il müddətinə quruma prezident seçilib.

Ziyadov bununla bağlı açıqlamasında BWF Şurasında Azərbaycanın rolunun ölkədə badmintonun inkişafına böyük töhfə verəcəyini söyləyib.

Azərbaycan BWF-nin reytinqində 85-ci pillədən 46-cı yerə yüksəlib. Ölkəmiz beynəlxalq badminton tədbirlərinə - 2023-cü ildə Avropa Badminton Konfederasiyasının Konqresi və 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.

ABF dünya badmintonun inkişafına və təbliğatına ciddi dəstək verir.

"Shuttle Time" kimi proqramlara töhfə verən ABF Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarı badmintonun təbliğinə dəstək məqsədilə badminton avadanlıqları - raketka və volanla təmin edib.