Bəxtiyar Musayev: "Bu barədə danışmaq üçün hələ tezdir"
17.05.2025 - 15:25
Bəxtiyar Musayev: "Bu barədə danışmaq üçün hələ tezdir"

Azərbaycan millisinin veteran futbolçusu Bəxtiyar Musayev apasport.az saytına müsahibə verib. 

- “Qarabağ” artıq çempionluğunu rəsmiləşdirdi. Ağdam klubunun bu mövsüm çempion olacağına inanırdız, yoxsa hansısa komandadan sürpriz gözləyirdiz ki, çempionluq mübarizəsində yer alacaq? 
- Bəli, "Qarabağ" bu mövsüm də çempion oldu. Onsuz da liqanın əvvəlində 2-3 tur keçəndən sonra da "Qarabağ"ın yenə də zirvədə olacağı bəlli idi. Çünki başqa komandaların "Qarabağ"la mübarizə aparacaq gücdə olmadığı aydın sezilirdi. Mənim üçün "Qarabağ"ın çempionluğu elə də sürpriz olmadı. İlk turlardan üstünlüyü ələ aldı, həm oyun, həm nəticə bunu deməyə əsas verirdi. Layiqli çempion oldular.

- “Qarabağ” artıq uzun illərdir ki, Premyer Liqada hegemonluq edir. Səncə, onların qarşısına çıxacaq rəqib niyə olmadı? 
- "Qarabağ"da bəlli bir sistem var, neçə ildir ki, eyni baş məşqçinin rəhbərliyi altında çıxış edirlər. İşlər çox gözəl qurulub. Ona görə də başqa rəqiblər "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaqda çətinlik çəkirdilər. Amma bu, digər tərəfdən "Qarabağ"ın özünə də ziyandır ki, başqa rəqiblər tərəfindən müqavimət göstərilməyəndə çempionatın sonunda bəzi futbolçularda istər-istəməz rahatlıq yaranır. Bu da onların böyüməsinə bir az əngəl yaradır. "Qarabağ"ın yox, başqa komandanın problemidir ki, onlarla çempionluq mübarizəsinə qoşula bilmirlər. Ümid edirəm ki, gələcək illərdə onlara müqavimət göstərən rəqiblər olacaq.

- Maraqlı məqamlardan biri o oldu ki, "Araz-Naxçıvan" ardıcıl neçə tur qalib gələ bilməsə də, 3-cü pillədəki yerini itirmədi. Bu, onlardan aşağıda qərarlaşan komandaların zəifliyi idi?
- Bəli, elədir. "Araz-Naxçıvan" neçə tur udmadı, amma ona çatacaq rəqib olmadı. Çünki digər komandalar stabil oyun nümayiş etdirmədilər. Təkcə "Zirə" mövsüm boyu stabil oyun nümayiş etdirdi və layiqli şəkildə 2-ci yerdəki mövqeyini möhkəmləndirdi. Amma qalan komandalar "Turan Tovuz", "Sabah", "Neftçi" ardıcıl xal itkilərinə yol verməklə, "Araz-Naxçıvan"ın buraxdığı səhvlərdən istifadə edə bilmədilər. Qeyri-stabil çıxışa görə "Araz-Naxçıvan"a yaxınlaşa bilmədilər. Qeyri-stabil çıxış da komandanın çox da güclü olmamağına işarə verir. Bundan da "Araz-Naxçıvan" yararlandı. Qələbə qazanmasa da, öz mövqeyini qoruyub-saxlaya bildi.

- Bəs, yeni sezon legioner limitinin ləğvini nəzərə alsaq, "Qarabağ"a qarşı çempionluq mübarizəsində rəqiblərin yer alacağını ehtimal edirsiz? 
- Bəli, limit götürüləcək. Amma bu ona dəlalət etmir ki, başqa komandalar "Qarabağ"ın çempionluğuna əngəl yarada bilər. Çünki bəzi komandalarda legioner seçimləri də yüksək səviyyədə olmadığına görə, indidən bir söz demək olmaz ki, yeni mövsümdən limit aradan götürülür deyə, başqa komandalar 11 legioner oynatmaqla "Qarabağ"a maneə ola bilərlər. Bu barədə danışmaq hələ tezdir. Gözləyək, görək yeni mövsüm üçün komandalar hansı legionerləri transfer edəcəklər, hansı gücdə olacaqlar. Ondan sonra fikir bildirmək olar ki, "Qarabağ"la çempionluq uğrunda yarışa qoşula biləcəklər, ya yox. Əsas transfer pəncərəsindən doğru-düzgün yararlansınlar.

- Ümumiyyətlə, bu yay “Qarabağ” çox sayda dəyişiklik olacağı gözlənilir. Yassin Benzia və Kevin Medinanın komandadan ayrılacağı gözlənilir. Sizcə, hansı legionerin yerini doldurmaq çətin olacaq?

- Biz də mediadan xəbərlər oxuyuruq ki, bəzi oyunçular "Qarabağ"dan ayrılacaq, bəziləri komanda ilə müqavilə müddətini artıracaq. Hələ ki yekun qərar verilməyib. Ona görə indidən demək olmaz ki, hansısa futbolçunun gedib-getməməsi komandaya ziyan ola bilər. Gözləyək görək hələ hansı futbolçularla yola davam qərarı veriləcək. Amma "Qarabağ" heç vaxt belə bir şey olmayıb ki, gedənlərin yeri doldurulmasın. O vaxtı Reynaldo getmişdi, amma komanda stabil çıxışını davam etdirirdi. Riçard Almeyda getdi, Kadi də getdi. Onlar gedəndən sonra da komanda heç bir problem yaşamamışdı."Qarabağ"da işlər doğru qurulub deyə, gedənlərin yerini doldurmaq çətinlik yaratmır. Ümid edirəm ki, bu sezon da elə olacaq. Komanda daha da güclənər. 

- "Zirə"nin bumövsümkü performansı daha effektiv oldu. Tarixində ilk dəfə 70 xal topladı. "Zirə"ni yeni sezon üçün çempionluq mübarizəsində görürsüz? Avrokuboklarda necə, əsas mərhələyə qədər yollana bilərlər?
- "Zirə"yə alqış düşür. Bu mövsüm başdan sona qədər stabil oyun nümayiş etdirdilər və layiqli olaraq da, ikinci yeri qoruyub-saxladı. Ən stabil komandalardan biri "Zirə" idi. "Qarabağ" kimi onları da stabil adlandırmaq olar. Tarixlərində ilk dəfə 70 xal topladılar. "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq asan olmayacaq. Amma məşqçi işi var, komandanın öz oyun dəst-xətti var. İntizamlı futbol oynayırlar, gözə xoş gələn futbol nümayiş etdirirlər. Kombinasiyalı gedişlərin  də çox şahidi olduq. Çempionluq uğrunda mübarizəyə gəlincə, komandanın büdcəsindən də çox şey asılı ola bilər. "Qarabağ"la rəqabət aparmaq mənə görə çətin görünür. Büdcə artımı da vacib amillərdəndir. Əgər büdcədə artım olsa, çətin də olsa, "Qarabağ"a bir balaca da yaxınlaşa bilər. "Zirə" "Qarabağ"a çempionluq yarışında qoşulmaqda çətinlik çəkə bilər. Amma "Zirə"yə uğurlar arzulayıram, avrokubokda da həmçinin. Komanda bir az da güclənərsə, hətta əsas mərhələyə qədər gedib çıxa bilərlər. Avropa Liqasında və ya Konfrans Liqasında bunu edə bilərlər. Ötən mövsüm KL-də pley-offa qədər gəlib çıxmışdılar. Ona görə də "Zirə"dən nəsə gözləməyə dəyər.