![“Qarabağ”dan unikal rekord - “Neftçi”ni keçdi](https://ww3.apasport.az/storage/news/2022/november/09/big/636ba7bb8bc5d636ba7bb8bc5e1667999675636ba7bb8bc57636ba7bb8bc5b.jpg)
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 13-cü qələbəsini qazanıb.
Ağdam klubu bunu III turdan təxirə salınan “Turan Tovuz”la səfər matçında rəsmiləşdirib. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ölkə çempionatlarının 30 illik tarixində ən uzun start qələbəsinin müəllifi olub.
Bunadək rekord “Neftçi”yə məxsus idi. Bakılılar 1992-ci ildəki ilk çempionata 12 qələbə ilə başlasa da, 13-cü oyununda Sumqayıtda “Xəzər”dən üç cavabsız qol buraxıb – 0:3.
“Qarabağ” da “Neftçi” kimi 12 qələbədən sonra səfərə yollanıb, amma Tovuzda büdrəməyib. Üç gün əvvəl paytaxt təmsilçisinin rekordunu təkrarlayan Qurbanovun komandası bu dəfə mütləq göstəricini rəsmiləşdirib.
Qeyd edək ki, “Qarabağ” 14-cü qələbəsini qazanmaq üçün noyabrın 13-də “Sabah”la səfər görüşündə də qalib gəlməlidir.