Misli Premyer Liqasının XX turunun "Araz-Naxçıvan" - "Sumqayıt" matçından (1:0) sonra qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.
"Rəqibi təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Penaltidən qol buraxdıq. Hardasa bərabər səviyyəli oyun idi. Gərək ki, uduzmazdıq".
- Bu gün "Sumqayıt" özünə bənzəmədi. Demək olar ki, "Zirə" ilə ardıcıl oyunların böyük təsiri oldu?
- Xeyr. Razı deyiləm. Hər üç oyunda da bərabər səvliyyəli oyun göstərmişik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Futboldur da.
- Qarşıdakı üç oyununuz autsayder komandalara qarşı olacaq. Bu fürsətdən istifadə edərək, "Sumqayıt" turnir cədvəlində mövqeyini möhkəmləndirə bilər?
- Deməzdim ki, zəif komandalardır. "Qəbələ" səviyyəli komandadır, müəyyən nəticələri var. Asan oyun olacağı fikirləri ilə razı deyiləm.
- Komandaya son olaraq Sedrik Badolo gəldi. İstədiyiniz heyəti görürsüz?
- Badolo yeni oyunçudur. Hələ ki bir məşq keçib. Güclənməyimizə ehtiyac var. Hələ ki bu heyətlə davam edirik. Transfer pəncərəsi də bağlıdır.
- Bu mövsüm alınmasa, yeni mövsümdən komandada qalıb daha stabil heyətlə avrokuboklar uğrunda mübarizə aparacaqsız?
- İndi bu haqda danışmağın vaxtı deyil, tezdir. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq.
- Mövsümün birinci hissəsində daha xoşbəxt Saşa İliç görürdük. İndi isə belə deyil. Bu nəticələrdən irəli gəlir?
- Xeyr. Həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsin. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm.