Vadim Kuramşın: “Bunu bacardıq”
16.04.2025 - 22:52
Vadim Kuramşın: “Bunu bacardıq”

"Təəssüf ki, pley-off mərhələsinə yüksələ bilmədik".

Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O,  "Sərhədçi" ilə görüşü (94:96) dəyərləndirib: "Çox üzücü məğlubiyyət oldu. Oyunun sonlarında yersiz top itkilərinə yol verdik. Amma ən böyük səhvləri hakimlər etdi. Belə vacib oyunda son saniyələrdə folu görmədilər. Oyun overtayma getməli idi. Orada hər şeyə aydınlıq gələcəkdi. İstənilən halda komandama əla mübarizəyə görə təşəkkür edirəm. Digər komandalarla müqayisədə limit probleminə görə xeyli çətinliklərlə üzləşdik. Mövsümü bizimlə bir yerdə bitirən 4 legionerimiz sona qədər qəhrəmancasına mübarizə apardı. Hər oyunda istirahətsiz və zədələrlə 40 dəqiqə oynadılar. Yaxşı statistika ilə də yadda qaldılar. Komandam bu mövsüm parlaq və baxımlı basketbol oynayan kollektiv kimi yadda qalacaq. Mənə mövsümün gedişində etimad göstərdiyinə görə rəhbərliyə də təşəkkür edirəm. Əlimdən gələni etdim ki, komandam gözəl basketbol oynasın. Məncə bunu bacardıq".