İspaniya millisinin futbolçusu Lamin Yamalla bağlı narahatlıq yaranıb.
Apasport.az xəbər verir ki, yığmanın tibbi heyəti 18 yaşlı vingerin zədəsinin təkrarlanma riskinin yüksək olduğunu bildirib.
Həkimlər DÇ-2026-nın qrup mərhələsinin Kabo-Verde ilə oyununda Yamalın mümkün qədər az oynadılmasını tövsiyə ediblər. Buna baxmayaraq, futbolçu 70-ci dəqiqədə meydana daxil olub və qarşılaşmanın son 20 dəqiqəsində forma geyinib.
Məlumata görə, Yamal aprelin 22-dən bəri əzələ zədəsindən tam bərpa olunmayıb. Bu səbəbdən Luis de la Fuentenin məşqçilər korpusu ilə tibbi heyət arasında oyun ərzində mütəmadi məsləhətləşmələr aparılıb.
Qeyd olunur ki, söhbət futbolçunun ağrı hiss etməsindən yox, zədənin yenidən təkrarlanma riskindən gedir.
Yamal İspaniyanın növbəti oyununda iştirak etmək istəyir. "Qırmızı fürya" DÇ-2026-nın H qrupunda iyunun 21-də Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.