DÇ-2026-da İran – Yeni Zelandiya matçının yayımı zamanı yaşanan kuryoz hadisə Türkiyədə gündəm olub.
Apasport.az xəbər verir ki, qarşılaşmanı şərh edən Murat Çimen oyunun ilk dəqiqələrində komandaları qarışdırıb.
Türkiyəli şərhçi təxminən 4 dəqiqə ərzində top İran millisində olarkən Yeni Zelandiyadan, Yeni Zelandiya hücum edərkən isə İrandan danışıb. O, futbolçuların adlarını da səhv komandalara uyğunlaşdıraraq epizodları fərqli şəkildə təqdim edib.
Kuryoz səhv 4-cü dəqiqənin sonlarına yaxın üzə çıxıb. Rejissor Mehdi Taremini yaxın planda göstərdikdən sonra Çimen komandaları qarışdırdığını anlayıb.
Hadisədən sonra Türkiyənin dövlət televiziya və radio qurumu TRT ictimaiyyətə müraciət edib. Qurum yayım zamanı baş verən səhvə görə tamaşaçılardan və ictimaiyyətdən üzr istəyib.
Açıqlamada hadisə ilə bağlı dərhal inzibati və təftiş araşdırmalarına başlanıldığı bildirilib. Araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlərin tam şəkildə həyata keçiriləcəyi vurğulanıb.
TRT həmçinin qeyd edib ki, məsələ ilə əlaqədar şərhçi araşdırma müddətində ABŞ-də fəaliyyət göstərən dünya çempionatı yayım qrupundan uzaqlaşdırılıb. O, turnir oyunlarının yayımında iştirak etməyəcək.
Qeyd edək ki, G qrupunda keçirilən İran – Yeni Zelandiya oyunu 2:2 hesabı ilə başa çatıb.