
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin II turu çərçivəsində Azərbaycan yığması Sloveniyanı 4:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:
"Azarkeşlərimizi, bizi sevənləri təbrik edirəm. İnanıram ki, onlara xoş gün bağışladıq. Daha yaxşı oyunlar bizi gözləyir".
- Qələbəni gözləyirdiz?
- Biz bu oyunlara çox hazırlaşmışıq. Oyun sistemimiz budur. İlk matçda tribunalar dolu idi. Ola bilər ki, uşaqlar bir az problem yaşadı. Bundan sonra bütün oyunları belə oynayacağıq. Dünya çempionatının favorit komandalarından biriyik.
- Azarkeşlər haqda nə deyə bilərsiniz?
- Möhtəşəm idilər. Hər kəsə təşəkkür edirəm.
- Bugünkü qələbə ilk matçdakı heç-heçənin təsadüf olduğunu göstərdi?
- Bizim komandanın gücü bu da deyil, daha yuxarısıdır. Daha yaxşı oyunlar bizi gözləyir. Hər matça belə hazırlaşsaq, qələbənin ardı gələcək.
- Bu gün qollardan birini "Xəzər Lənkəran"ın keçmiş futbolçusu Kamran Abdullazadə vurdu. Ondan gözləntiləriniz böyükdür?
- Kamran yaxşı futbolçudur. Onu bir ildən çoxdur dəvət etmişik. Həm minifutbolda "Zirə"də oynayır, həm də milli komandada. Potensialı yüksək olan futbolçudur. İstəməzdim ki, belə futbolçular böyük futboldan uzaqlaşsınlar. Xoşdur ki, "Xəzər Lənkəran"da çıxış etmiş oyunçu milli komandaya kömək edir. Daha yaxşısını edə bilər.
- Rəqibləri necə dəyərləndirirsiz?
- Bu, dünya çempionatıdır. Rəqiblər həqiqətən güclüdür. Daha güclü rəqiblər qarşıdadır. Arxayın olsaq, hər kəs xal ala bilər. Bu gün gördük ki, Çad millisi son dünya çempionuna qalib gəldi. Meydançada can qoymalısan ki, qələbə qazanasan.