Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
22.09.2026 - 09:43
Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşləri baş tutub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov Argentina yığmasının 12 yaş 11 aylıq qrossmeysteri Faustino Oro ilə heç-heçə edib.

2537 reytinq xalına malik argentinalı şahmatçı qara fiqurlarla oynadığı partiyada 2720 reytinq xalı olan Məmmədyarova qarşı məğlub olmayıb.

Azərbaycan – Argentina görüşündə Məhəmməd Muradlı və Rauf Məmmədov da partiyalarını heç-heçə ilə başa vurublar. Aydın Süleymanlı isə rəqibini məğlub edib. Bununla da Azərbaycan millisi Argentina üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz 6 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb. Özbəkistan 12 xalla liderdir. Çin və Ermənistanın isə hərəyə 11 xalı var.