Özü matçda olarkən evinə oğru girdi - Ulduz futbolçunun başına gələnlər...
29.12.2023 - 21:30
Özü matçda olarkən evinə oğru girdi - Ulduz futbolçunun başına gələnlər...

İngiltərə klublarından "Mançester Siti"nin futbolçusu Cek Qrilişin evi qarət edilib.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Premyer Liqanın 19-cu turu, yəni dekabrın 27-də "Everton"la (3:1) matçın gedişində baş verib.

Ulduz futbolçunun evi qarət olunan zaman onun ailəsinin bəzi üzvləri, o cümlədən sevgilisi Saşa Attvud, valideynləri, nənəsi, iki bacısı və qardaşı evdə olub. Onlar ingilis oyunçunu dəstəkləyən zaman yuxarı mərtəbədə səs-küy və itlərin hürməsini eşidiblər. Dərhal malikanəyə polis çağırılıb və hadisə yerinə bir polis helikopteri və beş patrul maşını gəlib.

Güclü təhlükəsizliyə baxmayaraq, təcavüzkarlar içəri girərək 1 milyon funt-sterlinq dəyərində saat və zinət əşyaları ilə qaçıblar.

Qeyd edək ki, yarımmüdafiəçinin evinin ətrafında axtarışlar aparılıb, lakin şübhəlilərin izinə rast gəlinmədiyi qeyd olunub. Buna baxmayaraq istintaq davam edir.