"Qəbələ"nin yarımmüdafiəçisi Felipe Santosun apasport.az saytına müsahibəsi
- Premyer Liqada "Zirə" ilə matçı komandanız 2:2 hesabı ilə bitirdi. Səncə, niyə qalib gələ bilmədiniz?
- Oyuna çox yaxşı başlamışdıq. Yaxşı da hücum edib, qol vurduq. Amma səhv etdik və bu da qapımızda iki qolla nəticələndi. Ona görə də, oyun belə nəticələndi. Hər halda, bir xal da qazandıq.
- Səncə, qələbəyə layiq idiniz, yoxsa elə maksimum bu nəticəni qazana bilərdiniz?
- Məncə, qələbəyə tam layiq idik. Halbuki iki oyunçumuz cəzalı idi. Hələ digər iki futbolçumuz ağrı ilə oyuna çıxmışdı, hərarətləri var idi. Bunlara baxmayaraq, sona qədər mübarizə apardıq və xal qazandıq.
- Vurduğun qolu necə şərh edəcəksən? Ülvinin əla ötürməsindən sonra hesabı bərabərləşdirdin...
- Əla qol alındı. Çünki ötürmə də çox gözəl idi. Şadam ki, ötürməni məntiqi nəticəyə çatdıra bildim. Mən sevinirəm ki, komandanın bütün oyunçuları daim qələbəyə köklənir və heç nəyə baxmadan irəliləməyi bacarır.
- "Qəbələ" qeyri-stabil çıxış edir. Bunun səbəbi nədir? Niyə stabil nəticələriniz olmur?
- Futbolda belə hallar olur. Səfərdə oynadığımız iki matçda iki xal qazanmağı bacarmışıq. İndi isə biz növbəti turda - evdə qalib gəlməliyik. İnanıram ki, qələbə qazanacağıq.
- Komandanız beşinci pillədədir. Avrokuboklara vəsiqə qazanmağın yeganə yolu kuboku qazanmaqdır?
- Finala adlamaq üçün əlimizdən gələni edəcəyik. Amma buna heç kim zəmanət vermir. Ona görə də, biz çempionatda daha yaxşı çıxış edib, heç kuboku da qazanmadan dördüncü pilləni tutaraq Avropaya yollanmaq istəyirik. Ümidvaram ki, hər şey uğurlu alınacaq.