Azərbaycan milli komandasının müdafiəçisi, Slovakiya ilə görüşdə meydana sonradan çıxan Şəhriyar Əliyev apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi Slovakiyaya 0:2 uduzdu. Matç sizin üçün necə alındı ? Yəqin ki, başqa hesab gözləyirdiz?
- Slovakiya evdə oynayırdı. Çətin olacağını bilirdik. Slovakiya ilk oyunda Estoniyaya qalib gəlmişdi. İstəyirdilər ki, qələbənin davamını gətirsinlər. Biz isə ilk matçda uduzmuşduq. İstəyirdik ki, Koşitsedən sərfəli nəticə ilə qayıdaq. Slovakiyanı analiz etmişdik. Bilirdik ki, rəqibin səviyyəli futbolçuları çoxdur. Xırda səhvləri bağışlamırlar. Slovakiyadan xalla dönə biləcəyimizə inanırdıq və bu haqda düşünürdük. Çətin oyun oldu. Təəssüf ki, uduzduq. Qarşıdakı oyunlara hazırlaşacağıq. Yaxşı nəticələr qazanmağa çalışacağıq.
- İsveçə məğlubiyyətdən sonra komandadakı ab-hava necə idi? Slovakiyadan xal alacağınıza inamınız var idi?
- İsveçlə oyunda uduzmaya da bilərdik. Heç də pis oynamadıq. Qol şanslarımız oldu, dəyərləndirə bilmədik. Fernandu Santuş da bizi ikinci oyuna hazırlaşdıranda, birinci oyundakı nəticəni unutmağı tövsiyyə edirdi. Düşünürdük ki, Slovakiya səfərindən xalla qayıda bilərik. Çünki millimiz həmin rəqibi səfərdə udmuşdu. Səviyyəli, böyük futbolçular xırda səhvləri bağışlamırlar. İstəyirdik ki, xal qazanaq. Qarşıda oyunlarımız var. Çalışacağıq ki, qarşıdakı matçlarda maksimum nəticələr qazanaq.
- Slovakiyaya məğlubiyyətin əsas səbəbi nə idi? Rəqib bizdən çox güclü idi?
- Rəqib evdə oynayırdı, azarkeş dəstəyi də var idi. Bilirdik ki, ilk 15 dəqiqə çox ağır olacaq. Məncə, komandamız ilk 15 dəqiqədə rəqibin təzyiqindən çıxa bilmişdi. Adi səhvlərdən rəqib qollarını vurdu. Böyük komandalar xırda səhvləri bağışlamır.
- Necə düşünürsən, milli İsveçə qarşı daha yaxşı oynadı, yoxsa Slovakiyaya?
- İsveçlə oyunu evdə oynadıq. Azarkeş dəstəyi də var idi. Milli ilk oyunda yaxşı oynamışdı. Slovakiya ilə görüşdə də pis oynamadıq, pis çıxış etmədik. Hamımız qələbə və xal üçün əziyyət çəkirdik. İlk oyunda hardasa daha yaxşı idik. Amma hər iki görüşdə də sona qədər mübarizə aparırdıq.
- Dünənki oyuna sonradan meydana daxil oldun. Fernandu Santuş səninlə meydana çıxmamışdan əvvəl xeyli danışdı. Hansı göstərişlərini verirdi, nə deyirdi?
- Oyuna çıxanda, baş məşqçinin sənə verdiyi tapşırıqlar olur ki, hansı mövqedə necə oynamalısan. Standart vəziyyətlərdə, hücuma çıxanda necə oynamalısan. Bu cür tapşırıqlar var. Fernandu Santuş da öz tövsiyyələrini mənə verirdi.
- Növbəti görüş Estoniyaya qarşıdır. Həmin oyunda qalib gəlməyiniz mümkündür?
- Bəli qarşıdakı matç Estoniyaya qarşıdır. Allah qoysa, yenidən zədəsiz olaq və milliyə dəvət alaq. Yaxşı çıxış edərək, qalib gəlib azarkeşlərimizi sevindirək. Düzdür, ilk iki oyunda xal qazana bilmədik. Rəqiblərimiz də zəif komandalar deyil. Qarşıdakı oyunlarda maksimum xallar üçün mübarizə aparacağıq.
- Fernandu Santuş sizinlə yəqin ki, tez-tez danışır, müzakirələr aparır. Onun özü Avropa çempionudur. Futbolçulara yanaşması necədir, nə haqda daha çox danışır?
- Futbolçuların özünəinamlı, birlik olmağımızı bizə tövsiyyə edir. Birlik yaratmağa çalışır. Gələcəyin komandasını qurmaq istəyir.