“Neftçi”dən təklif gələndə çox sevindim”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Andre Şinyaşiki deyib.
Bu gün paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayan 26 yaşlı braziliyalı vinger “ağ-qaralar”ın televiziyasına açıqlama verib: “Klub haqqında əvvəlcədən məlumatım var idi. Daha sonra internet üzərindən də araşdırdım. Şəhəri çox bəyəndim. Buraya gəldiyim üçün xoşbəxtəm. Azərbaycanda çıxış etmiş dostları olan, Qazaxıstanda oynayan bir dostumdan ölkəniz haqda soruşdum. O mənə burda hər şeyin yaxşı, komandanın bir ailə kimi olduğunu dedi”.
Cənubi amerikalı futbolçu MLS-də oynadıqdan sonra Azərbaycanı seçməsinin səbəbini də açıqlayıb: “MLS-dən bura gəlməyimin səbəbi budur ki, Avropada çıxış etməyi həmişə arzulamışam. Bildiyiniz kimi, MLS-də 6 il oynamışam. Düşündüm ki, artıq dəyişiklik etməyin vaxtıdır və dünyanın digər tərəfindən necə bir təklifin olduğunu görmək istədim”.
Andre “Neftçi”nin heyətində titullar qazanmaq arzusunu da gizlətməyib: “Həm sol vinger, həm də mərkəz hücumçusu mövqeyində oynaya bilirəm. Karyeramın əksər hissəsində mərkəz hücumçusu kimi çıxış etmişəm. Sonra isə məni daha çox sol cinah hücumçusu kimi oynadıblar. Artıq bu mövqeyə də uyğunlaşmışam. Harada oynamağımın fərqi yoxdur. Əsas odur ki, komandaya köməyim dəysin. Azarkeşlərə demək istərdim ki, hər zaman qələbə uğrunda döyüşən bir oyunçu olacam. Burada çempionluqlar və kuboklar qazanmaq istəyirəm. Ümid edirəm ki, buna nail olacam”.
Qeyd edək ki, ABŞ-ın “Kolorado Rapids” (2017-2022), “Kolorado Sprinqs Suitçbaks” (2019) və “Şarlott” (2022-2023) klublarında çıxış edən Şinyaşiki 2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.