“Maraqlı oyun alındı, sürət və dinamika var idi. Baxmayaraq ki, bizim üçün heç də asan deyildi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXIV turunun “Neftçi” ilə ev oyunundan sonra mətbuat konfransına qatılıb. Qurbanov Azərbaycan derbisi barədə fikirlərini açıqlayıb: “Tam öz istədiyimiz performansda deyildik. Amma hər halda, futbolçular sona qədər xarakter göstərirdilər. Futbolçularımı təbrik edirəm. Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Hansı ki, "Neftçi" pik formadadır. Neçə oyundur qol buraxmırlar, inamlı gedirlər. Futbolçular özünün pik formasındadır. Vacib bir xal qazandıq. Qarşıda bir neçə günümüz olacaq. Çalışacağıq ki, çatışmayan elementləri aradan qaldıraq. Formadan uzaq olan oyunçularımızın durumunu düzəldəcəyik”.
- Luka Quqeşaşvilinin hərəkəti sizi çox əsəbiləşdirdi. Oyundan sonra danışdız onunla?
- Davamı da oldu. Bəli, olmaz. Əsəbiləşdim. Amma sanki belə oyunlarda belə hallar olur. Paltardəyimə otağında da sərt danışdım. Futbolçudur, meydanda belə hallar olur. azarkeşlər qıcıqlandırırlar oyunboyu. Lukaya nalayiq ifadələr işlətdilər. Azarkeşlər də başa düşərlər. Üzrlü hesab etsinlər. Belə hallar olur. Elə futbol düşünülməmiş epizodların üzərində qurulub. Bir daha belə hərəkət etməz. Azarkeşlər də futbolun içində olanlardı. Biz azarkeşlər üçün futbol oynayırıq.
- Bədavi Hüseynovu məcburiyyətdən sağ cinahda oynatdız?
- Məcburiyyətdən. Maksimin hərarəti 39 dərəcə idi. İndi də var idi. Çox narahat idim Bədaviyə görə. Çünki 120 dəqiqə oymamışdı. Fikirləşdik ki, Marko ilə 45 dəqiqə oynasınlar. Oyunun gedişatına görə baxacaqdım. Bəlkə də, Bədavini dəyişməyəcəkdim. Amma oyun elə getdi ki, dəyişdik. Markonun tam olaraq istirahət etməsini istəyirdim. Yaxşı istirahətə ehtiyacları var. Hər bir halda, 45 dəqiqə hər ikisi oynadılar.
- Hava şəraiti planlarınıza təsir etdi?
- Hər ikimizə etdi. Bəlkə, bəzən bəzi düşüncələr gecikirdi. Mən biz hücum edəndə baxırdım ki, kimsə əl qaldıracaq, hakim nə qərar verəcək. Sağ cinahımız ilk yarıda görünmürdü. İlk hissədə futbolçulara hansısa tapşırıq verməkdə çətinlik çəkirdim. Tam görə bilmirdim. Amma hər ikimiz üçün eyni idi.
- Regekampf bildirdi ki, "Qarabağ"ın ehtiyat skamyası da güclüdür. Sizin özünüz üçün necə, aparıcı oyunçular olmayanda istədiynizi ala bilirsiz, yoxsa fərqi hiss edirsiz?
- Fərq olur. Əsas heyətdə oynayanlar daha rahat edirlər bizim istədiklərimizi. Bir-iki rotasiya olanda təsir etmir. Amma 8-9 nəfər olanda, istər-istəməz oyun dinamikasından uzaq olurlar. Əlbəttə ki, hamısı meydanda olanda onlardan tapşırıq başqa olur. Mənə lazım olan nəticələri əldə etmək üçün hamısına güvənirəm. Bu günə kimi də yanılmamışam. Sağ olsunlar, 11 futbolçu meydana çıxır və lazım olan nəticəni əldə etmək üçün əziyyət çəkirlər. Həyatda, işdə bütün futbolçular mənim üçün eynidir. Amma oyun baxımından fərqlilik toxunur.
- Elmir Kərimovun klubdan uzaqlaşdırılması barədə mövqeyiniz necədir? Nəsə edəcəksiz?
- Bir məsələni əmin olmaq üçün onu 100 faiz dəqiqləşdirmək lazımdır ki, haradan başlayıb, necə olub. Mən də ilk olaraq sosial şəbəkələrdən eşitdim. Orada çıxdı. İstəmərəm belə mövzu burada müzakirə olunsun. Özümüz də fikirləşməliyik ki, söhbət 50 manatdan gedirsə, klub belə addım ata bilərmi? Neçə illərdir ki, çox əziyyət çəkir, hamımız da xətrini çox istəyirik. Rəhbərliklə də yaxşı münasibəti var idi, işbirliyi də olub, hər şey normal idi. Belə olması, birdən-birə üzə çıxması, bu qədər gündəmdə olması, bizim üçün heç də xoş deyil. Dərindən dəqiqləşdirmək lazımdır. Məsələn, mənimlə hansısa jurnalist arasında hansısa bir söz deyildisə, böyük narazılıq yaranır. Burada problem olası iş yoxdur. Bu klubda mən gəldiyim gündən hər zaman kasıblara, imkansızlara böyük yer ayrılıb. Həmişə çalışıblar ki, lazım olan dəstəyi etsinlər. Mən buna çox da ciddi məsələ kimi baxmıram. 500 min, bir milyon söhbəti olsaydı, başqa idi. Olur da, hansısa söz düz deyilməyəndə, əsəbiləşir, başqa fikir də olur. O qədər olub ki, rəhbərliklə məşqçi sıx münasibətdə, dost olur, xırda bir şeyə görə yollarını ayırıblar. O demək deyil ki, mən bu komandaya, məşqçiyə, rəhbərliyə qarşı pis olmalıyam. Xırda detalları yaxından maraqlansalar, bitsə, daha yaxşı olardı. Düşündüyüm və bildiyim qədərilə, klub tərəfindən problem yaradılmayıb, yaradılmayacaq. Sabah gəlsə, gözümüz üstə yerimiz var, hər bir azərbaycanlıya, əlil insanlara. Anlaşılmazlıq olub. Bəlkə, bəzi insanlara sərf edib, böyütməyə başlayıb. Məncə, həmişə işçilərimizə diqqətimiz olub.
- "Neftçi" qol vuranda dördüncü hakimə etiraz edirdiz. Ofsayd olduğunu düşünürdüz?
- Etiraz etmədim. Rahat idim ki, ofsayd olacaq. Ola bilər ki, tam tuta bilmədim. Deyildi ki, baxılır. Sonra qol olduğu deyildi, vəssalam.
- Ramil Şeydayev meydana daxil olanda da Redon Cica sağ cinahda oynadı. Ondan vinger kimi istifadə edəcəksiz, yoxsa gələcəkdə hücumçu da olacaq?
- Hər futbolçunun potensialını dərindən bilmək çox vacibdir. Elə matçlar olur ki, rəqib daha hazırlıqlı olur. Ona görə rotasiyalara gediirk. Cicanın hücumçu oynamaq ehtimalı var. Son vuruşları çox yaxşıdır. Bugünkü oyun belə tələb edirdi ki, Ramil Şeydayev hücumda daha hərəkətli olsun. Redonun hər üç mövqedə oynamaq potensialı var.
Qeyd edək ki, “Azərsun Arena”dakı matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.