Yunis Hüseynov: “Qarabağ”ın qələbəsinə şübhəm yoxdur”
03.11.2022 - 13:49
Yunis Hüseynov: “Qarabağ”ın qələbəsinə şübhəm yoxdur”

“Qarabağ” bu gün ən böyük əzmkarlığını göstərəcək. Çünki həm qələbə lazımdır, həm də azarkeşlərin dəstəyi altında oynayacaq”.

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Frayburq”la bu gün keçirəcəyi son oyunu ilə bağlı danışarkən deyib.

57 yaşlı mütəxəssis Almaniya klubunun qrupda birinci yeri təmin etməsinin onların görüşə yanaşmalarında dəyişiklik etməyəcəyini düşünür: “Frayburq”un Bakıda hansı heyətlə oynamasının bir o qədər fərqi yoxdur. Çünki Almaniya klubunda hətta ehtiyatda oturanlar da güclü futbolçulardır. Birinci yeri təmin eləsələr də, son matçda əllərini yana salmayacaqlar. Düşünürəm ki, “Qarabağ” qələbə qazanmasa belə, mərhələ adlayacaq. Çünki “Nant”ın möhtəşəm azarkeşlər qarşısında “Olimpiakos”u məğlub etməsi çətin olar”.

Hüseynov Azərbaycan çempionunun qalibiyyətindən əmin danışıb: “Açığı, “Qarabağ”ın qələbəsinə heç bir şübhəm yoxdur. Hələ ilk turlardan “Qarabağ”ın qrupda ikinci yeri tutacağını demişdim. Bu gün də “Frayburq”u məğlub edərək proqnozumu doğruldacaqlar”.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0