
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Apasport.az saytına müsahibə verib.
- İslandiyaya böyükhesablı məğlubiyyətdən sonra milli içərisində sanki xaos yaranmışdı. Ardınca Fernandu Santuş istefaya öndərildi. Bir gündə yeni baş məşqçi gəldi. Bu periodu necə keçirdiz?
- O günlərdə hamımız yalnız məşqlərə fokuslandıq. Ukrayna ilə oyuna tam hazırlaşmağa çalışdıq. Çünki meydana bizim yerimizə kimsə çıxmayacaqdı. Azərbaycanı təmsil edən bizik və bunu da biz etməli idik. Təəssüf ki, İslandiya ilə matçda çox üzücü bir məğlubiyyət aldıq.
- Ayxan Abbasov qısa müddətdə daha çox psixoloji tərəfdən oyuna hazırladığını bildirdi. Təbii ki, vaxt az idi. Üstəlik, sistemi də izah etməyə çalışdı. Görünür ki, komanda tez bir zamanda həm yeni sistemə öyrəşdi, həm də psixoloji durumunu düzəltdi?
- 0:5 hesablı məğlubiyyətdən sonra düzünü desəm, çox çətin idi. Hətta İslandiyaya uduzandan sonra heç kimlə danışmaq istəmirdik. Nə hansısa söz demək, nə bəhanə gətirmək… Hətta üzr istəmək belə utandırıcı idi. Çünki doğrudan da ağır məğlubiyyət idi. Amma Ayxan müəllim düzgün sözləri tapdı və komandaya güc verdi. Allaha şükürlər olsun ki, Ukrayna ilə oyunda belə nəticə qazana bildik.
- Ukrayna ilə görüşdə qazanılan bir xalı hazırkı dönəmdə uğurlu nəticə saymaq olar? Oyun necə alındı?
- Ətrafda baş verənləri nəzərə alsaq, bunun yaxşı nəticə olduğunu düşünürəm.
- Maraqlıdır, dünənki kimi sona qədər əla mübarizə aparmağa indiyədək nə mane olurdu? Demək olar ki, əvvəlki məşqçilər komandaya psixoloji və taktiki cəhətdən tam hazırlıq verə bilmirdi?
- Mən bunu keçmişdə qoymaq istərdim. Əsas odur ki, bunun bir daha təkrarlanmamasına imkan verməyək. Həmişə sona qədər oynamaq və mübarizəni dayandırmamaq lazımdır.
- Qarşıda isə sizi çox ağır görünən Fransa matçı gözləyir. Yəqin ki, İslandiyanın onlara qarşı mübarizəsini izləmisən. Az qala 2:2 oynayacaqdılar. Bu, sizə inam verdi ki, Fransa ilə əslində oynamaq olar və əksəriyyətin düşündüyü kimi böyük hesabla uduzmamaq mümkündür?
– Top rəqibə qarşı oynayacağıq. Əgər oyunu istədikləri kimi qursalar, böyük problemlər yarana bilər. Amma hələ vaxt var və indidən orada nə olacağını demək istəmirəm.
– Düşünmək olar ki, Ukrayna ilə oyunda qazandığınız xal qrupdakı ilk və yeganə xal olmayacaq?
– Hər şey bizdən asılıdır. Allah nəsib etsin, bütün uşaqlar öz klublarında daim oynasınlar və milli komandaya inamlı, böyük motivasiya və arzu ilə gəlsinlər.
– “Qarabağ”ın heyətində avrokuboklarda meydana çıxmırsan. Amma milli komandanın heyətində iki çox yaxşı oyun göstərdin. İslandiyaya 0:5 hesabı ilə uduzsaq da, əla qurtarışlar etdin. Ukraynaya qarşı isə qapıda çox etibarlı və cəsarətli idin. Səncə, bu performans “Qarabağ”da avrokubok oyunlarında da şans qazanmağına və yenidən əsas qapıçıya çevrilməyinə təkan verə bilər?
-Allah nəsib etsin ki, işləməyə davam edək və şansımızı gözləyək. Hər halda şans gələcək. Əsas odur ki, hazır olaq.