“Premyer Liqada geridə qalan 5 tur, həmçinin komandalarımızın avrokuboklardakı çıxışı onu deməyə əsas verir ki, futbolçularımız fiziki və texniki durumdan yaxşı formadadırlar”.
Bu sözləri apasport.az saytına açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan yığmasının İsveçlə matçı barədə fikirlərini bölüşüb. O, milimizə inandığını söyləyib:
“İsveçlə oyunun millimiz üçün gərgin olacağını düşünürəm. Çünki bu komandalar arasında Bakıda keçirilən sonuncu matç hər birimizin xatirindədir – 3:0. Məncə, isveçlilər də həmin görüşü unutmayıblar. Artıq Azərbaycan yığması ilə qarşılaşmada buraxılan boşluqların hansı nəticəyə gətirib çıxardığını görüblər. Buna baxmayaraq komandamıza inamım tamdır”.
“Kəpəz”in sabiq baş məşqçisi seçmə komandamızın qrupdakı şanslarını da dəyərləndirib:
“Millimizin yer aldığı qrupda güclü rəqiblər qərarlaşıb. Düşünürəm ki, liderlik uğrunda mübarizədə əsas namizədlər Slovakiya və İsveç yığmalarıdır. Lakin hazırkı Azərbaycan millisi hər mərhələdə sürpriz edə biləcək komandaya çevrilib. Fikrimcə, favoritlərdən xal alsaq, Estoniya seçməsini hər iki matçda məğlub etmək şərtilə birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcəyik”.
Qeyd edək ki, Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan - İsveç matçı bu gün saat 20:00-da start götürəcək.
İsmayıl Xeyrullayev