
"Minifutbol federasiyası olaraq Azərbaycanda ilk dəfədir dünya miqyaslı yarış keçiririk".
Apasport.az xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov deyib.
Qurum rəsmisi turnirə hazır olduqlarını vurğulayıb: "Ölkəmiz bu cür beynəlxalq yarışları keçirməyə öyrəşib, hər zaman da yüksək peşəkarlıq göstərib. Bir çox misallar çəkmək olar. Biz də bu nümunəni götürərək, AMF olaraq bu yarışı yüksək səviyyədə keçirmək niyyətindəyik. Azərbaycana yaraşan səviyyədə etmək istəyirik. Əlbəttə ki, çətinliklər həmişə olur, olacaq da. Əlimizdən gələni edirik ki, yüksək peşəkarlıqla yerinə yetirək. Azərbaycanda belə yarışların keçirilməsi federasiyanın üəzərində böyük məsuliyyətdir. Federasiyanın əməkdaşları çox deyil. Gənclər və İdman Nazirliyi, Bakı Halqası bu yarışı keçirməyimizdə böyük dəstəkçidir. Hələ ki, bu işin öhdəsindən lazımınca gələ bilirik".
Daha sonra Nəsibov jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün arenada veteranların oyunu keçiriləcək. Maraq böyükdür. Gələcəkdə bunu davam etdirmək fikriniz var?
- Özümüz də marağın nə dərəcədə olduğunun şahidiyik. "Legends Cup"dan sonra hər il bunu ənənə halına salmaq istəyirik ki, mayda belə tədbirlər keçirək. Gələn il də təşəbbüs irəli sürərək, belə oyunların keçirilməsinə ev sahibliyi edərik. Yəqin ki, olacaq. Çünki hamı bu ideyanı gözəl qarşıladı. Bizim üçün də xoşdur. Bizim veteranlardır. Onlar da bu cür oyunlarda iştirak edərək bizi və azarkeşləri sevindirsinlər.
- Dünya çempionatına ev sahibliyi etmək. Bu təşəbbüs necə yarandı? Kimin ideyası idi?
- Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. 2023-cü ildə dünya çempionatı BƏƏ-də keçirilmişdi. Federasiyanın prezidenti Orxan Məmmədov Dünya Minfutbol Federasiyasının görüşlərində də təşəbbüs irəli sürmüşdü. Onlarla danışıqlara başladıq. Bütün lazım olan addımları atdıq. Onları Azərbaycana dəvət etdik, arenaları gəzdik, arena seçildikdən sonra sənədlər toplandı və iştirakımızı bildirdik. Növbəti iclasda 2025-ci ilin Bakıda keçirilməsinə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədovdur.
- Açılış mərasimində azarkeşləri nə gözləyir? Necə hazırlaşmısız?
- Hər bir yarışın güzgüzsü açılışdır. Kifayət qədər lazımı tədbirlər görmüşük. Maraqlı açılış olacaq. Açılışın necə olacağı həmin günə qalsın. Bəyənib-bəyənmədiyinizi deyərsiz.
- Millinin qarşısında duran vəzifə nədən ibarətdir?
- Həm ev sahibiyik, həm də milli komandamızı təmsil edirik. Millinin hazırlığına lazım olan şəraiti yaratmışıq. Baş məşqçi və rəhbərlik tərəfindən qarşımıza qoyulan hədəfi təşkil etmişik. İstər toplanışlar, istər qidalanma, hər bir şərait yaradılıb. Ev sahibi kimi oynamaq da məsuliyyətdir. Milli komandamız psixoloji cəhətdən tam hazırdır. Heyət olaraq da formalaşıblar, neçə aydır toplanışdadırlar. Yaxşı olar. ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın. Hədəfimiz 3 yerdən birini qazanmaqdır. Oyunçulara demişik ki, 3 yerdən birini qazansaq, bizim üçün yaxşıdır.
- Qadınlar arasında minifutbol çempionatı keçirməyə necə baxırsız?
- Belə kütlə olmadığına görə çətinlik çəkirik. Böyük futbolda da çempionatımız elə də güclü deyil. AMF yarandığı gündən məhəllə futbolunu meydançaya gətirmişik. Bunun üzərində də peşəkarlıq göstərib, bu səviyyəyə gətirib çıxarmışıq. Qadınların marağı olsa, keçirilməsinə etiraz etmərik. Sadəcə bu cür marağın şahidi olmamışam.
- Mükafat fondu var?
- Əlbəttə ki, mükafatsız olmayacaq. Artıq baş məşqçi ilə müzakirə olunub, təyin edilib. İstəməzdim ki, bunu mediaya açıqlayım. Amma federasiya prezidenti tərəfindən mükafat təyin olunub. Bu barədə də baş məşqçiyə bildirilib. Yəqin ki, baş məşqçi də bunu kollektivlə bölüşüb.