Arif Əsədov: “Neftçi” öz imicini itirir”
16.09.2024 - 14:32
Arif Əsədov: “Neftçi” öz imicini itirir”

“Neftçi”yə gətirilən şəxslərə klubun atribuatlarını, dəyərlərini, adını başa salmaq lazımdır. Yalnız bundan sonra gətirib müqavilə imzalanmalıdır”.

Bu sözləri apasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis “Neftçi”nin durumunu dəyərləndirib: “Klubun içində olmadığımız üçün dəqiq nəsə demək mümkün deyil. Kənardan görünən odur ki, “Neftçi” öz imicini itirir. Rəhman Hacıyev kimi klubun daxilində olan futbolçu açıqlamasında heç nəyin yolunda getmədiyini deyirsə, deməli komandada ruh yoxdur. Bu kluba futbolçu, işçi, baş məşqçi gələrkən ilk öncə “ağ-qaralar”ın tarixini, kökünü, tələblərini dərk etməlidir. Çox deyirlər ki, bir məşqçiyə 2-3 il vaxt lazımdır. “Neftçi” kimi komandalarda isə təbii ki, az vaxt verilir. Amma bir çalışdırıcıya öz oyun üslubunu, taktiki sxemini komandaya yeritmək üçün yarımil bəs edir. “Ağ-qaralar”ın bu mövsüm avrokuboklardan kənarda qaldığını nəzərə alsaq, klubun dəyişikliklər üçün xeyli vaxtı var idi. Komandanı yenidən qurmaq üçün bundan gözəl şans ola bilməzdi. Yadımdadır ki, “Neftçi” hələ 2009-10-cu illərdə Sadıq Sadıqovun rəhbərliyi dövründə də belə halla üzləşmişdi. Onda baş məşqçi mən idim. Həmin il də böyük dəyişikliklərə əl atıldı və sonda çempion olduq. Məncə, baş məşqçinin oyun cizgilərini meydanda göstərməsi üçün çox vaxta ehtiyac yoxdur”.

Qeyd edək ki, “Neftçi” dünən Misli Premyer Liqasının VI turunda “Zirə”yə uduzub – 0:2.

İsmayıl Xeyrullayev 
 

writer photo
İsmayıl Xeyrullayev
0