
“Neftçi” yenə bacarmadı. Komanda nə ölkə kubokunun finalına, nə də avrokuboklara çıxa bilmədi. Konfrans Liqası üçün formal şans var idi. Onun üçün də gərək “Araz-Naxçıvan”, “Turan Tovuz” ardıcıl 5 oyun uduzardı, “Sabah” da 3-4 dəfə xal itirərdi. Yəqin ki, siz də bunların olacağına inanmırdız. Elə mən də inanmırdım. Heç qonşumuz Qadir əmi də inanmırdı.
O da küsüb “Neftçi”dən. Daha baxmır oyunlara. Heyətdən Emin Mahmudovdan başqa futbolçunu da tanımır. Gözünü açandan bu komandanı görüb, uğurlarına sevinib, SSRİ-də ölkəsini təmsil edən “Neftçi” ilə qürur duyub. İndi nə SSRİ var, nə də “Neftçi”si. Özü belə deyir. Birincisinin olmamasına sevinir, ikincisindən söhbət düşən kimi mövzunu dəyişir, danışmaq istəmir.
Əslində, artıq mən də bu klubdan danışmaq istəmirəm. Tərtəmiz Bakılıyam. Tovuzlular üçün “Turan”, lənkəranlılar üçün “Xəzər”, gəncəlilər üçün “Kəpəz” nədisə, mənimçün də “Neftçi” odur. Bakının son qalasıdır, Tofiq Bəhramov adına Respublika stadionudur, Qız qalasıdır, İçərişəhərdir. Bir klub ki, şəhərin bir əsrlik tarixini özündə ehtiva edir və heç bir şey onu Bakıdan, Bakını da ondan ayrı sala bilməz.
Bəziləriniz üçün “Neftçi” öz missiyasını çoxdan başa vurub. Hətta bəziləriniz “Neftçi”ni ölkə futbolundan silməyə başlayıb. Amma unutmayın, “Neftçi”ni tarixdən silsəz, ədəbiyyatdan silə bilməyəcəksiz. Ədəbiyyatdan silsəz, tarixdən silə bilməyəcəksiz. Nə qədər ki, ölkədə futbol var, “Neftçi” də var olacaq. Uzun sözün qısası, ölkə futbolunun ögey övladı ötən gün yenə uduzdu. Növbəti dəfə mövsümü qurtara biləcək həlledici oyunda məğlub oldu. Komanda ötən il olduğu kimi, yenə “Sabah”dan alınan yenilgi ilə avrokuboklardan kənarda qaldı.
Çox keçmədən “Neftçi” “Sumqayıt”la qarşılaşdı. “Neftçi”yə qarşı edilən haqsızlıqlar yenə də davam etdi. Hakim komandanın təmiz qolunu saymadı. Buna rəğmən, “ağ-qaralar” 0:2 hesabı ilə geri düşdüyü səfərdən 1 xalla qayıtdı. Ağadadaşın epizodunda hakim qolu niyə qeydə almadı, bu da müəmmadır. Ofsaytdan söhbət belə gedə bilməz. Məsələ əllə toxunuşdursa, videokadrlarda da görünür ki, top ələ dəyməyib. Heç bir qayda pozuntusu yoxdur, amma “Neftçi”nin qolu qeydə alınmır. Hələ Edvin Kuçun yerdə qaldığı epizodda niyə penalti verilmədi? Verilməsi üçün daha nə olmalıdır orda?
Son 12 ildə cəmi 1 çempionluğu olan kluba qarşı belə qərəzlisiz. Fariz Yusifovun Suraxanıda çıxardığı hoqqalar, “Neftçi”nin qapısına təyin olunan saxta penaltilər, mövsümün ən önəmli oyunu öncəsi komandanın tək hücumçusunu olmayan qırmızı vərəqə ilə cəzalandırmaq… Adamı lap futboldan iyrəndirirsiz.
Nə olub, belə çəkinirsiz “Neftçi”dən? Başqa vaxt danışanda “o dövran getdi” daha deyirsiz. Dediyinizlə etdiyiniz üst-üstə düşmür. Amma bir həqiqət var, Dövlət bəyin ölüsü də gözəldir!