
Mart ayında Azərbaycan milli komandası növbəti yoxlama oyunlarını keçirəcək. Rəqiblər isə artıq bəllidir.
Yığmamız ilk olaraq Sumqayıtda Haitini qəbul edəcək. Yox, yanlış anladız. Reqbi deyil, futbol matçı keçiriləcək.
Sumqayıtda. Haiti ilə. Futbol matçı. Dünya üzərində 100-lərlə milli var. Hətta yığma yoxlama oyunu keçirir desələr, əminəm ki, təxmin edəcəyiniz 100-lükdə Haiti millisi olmayacaq.
Belə baxanda, yuxarıdan-aşağı yanaşdığımız rəqib FİFA reytinqində bizdən 31 pillə irəlidədir. Onların futbolçuları Lionel Messili “İnter Mayami”də, azərbaycanlı futbolçuların bacarmadığı Türkiyə Super Liqasında, Yunanıstan çempionatında çıxış edirlər. Bizim isə bir Mahirimiz var, elə bilirik dünya bizimdir.
Məsələ o da deyil e, Avropa və Asiyada N sayda futbol seçməsi mövcuddur. Yaxşı, gəlin bu siyahıdan nəhəngləri - İspaniya, Almaniya, İtaliya, İngiltərə, Fransanı, həm də Niderland, Portuqaliya, Belçika, Xorvatiya kimi güclü ölkələri çıxaraq.
Yenə də azı 30 potensial rəqib qalır. Yəni, öz qitəmizi qoydum kənara, materikimizdə belə heç kəs bizlə oynamaq istəmir?
İstəməz də, AFFA millini elə urvatsız edib ki... Reytinqdə bizdən aşağı olan ölkələr belə təkliflərimizə yaxın durmurlar.
Qonşu Gürcüstan, dəfələrlə qarşılaşdığımız Qazaxıstan, Lüksemburq, İsrail, ya da Millətlər Liqasında bizi nakauta salıb D divizionuna göndərən Estoniya. Ən azından yoxlama oyununda onları udub, bir az genələrdik.
Görünən aşkar mənzərə odur ki, yığmanın səviyyəsinin aşağı olması hamıya bəllidir. Nəticə etibarilə qitənin sevilməyən çirkin uşağı kimi digərlərindən təcrid olunmuşuq.
Haiti isə əsl bizim səviyyəmizə uyğun rəqibdir. Hətta nəinki Haiti, növbəti matçlarda Kiribati, Sen Martin, Antiqua və Barbuda, Kuraçao ilə qarşılaşaq.
Ümumiyyətlə, gəlin yığaq çantalarımızı yollanaq Karib hövzəsinə. Həmin ölkələrlə futbol oynayaq, udaq (onu da uda bilsək), özümüzü Cek Sparrou kimi aparaq. Rəqibin nə fərqi var, əsas odur qalib gələk. Bizə inkişaf lazım deyil, qələbə daha şirindir axı...