Misli Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" matçından (4:0) sonra qonaqların çalışdırıcısı Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
"Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik".
- "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcəksiz?
- Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.
- Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?
- Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burda tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı komandaya mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.
- Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?
- Yalnız bir hədəfimiz var. Turlarla qalib gəlməyəndə adamın dili gəlmir çoxlu sözlər deyək. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqda danışmaq daha asan olacaq. Onu görəcəksiz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.
- Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması məsələsinə necə aydınlıq gətirərdiz?
-Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır.
- "Neftçi"nin istədiyi futbolu oynaması üçün nə çatışmır?
- Zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz.
- Rəhbərlik sizə o vaxtı verəcək?
- Bu suala mənim cavab verməyim düzgün alınmaz. Sualınızı rəhbərliyə verməlisiz. Biz onlarla danışırıq. Onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımı, düzgün addımlar atırlar. Mən bunu rəhbərliklə müzakirələrdə danışdıqdan sonra bu qərara gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Çox yüksək səviyyədə başa düşürlər, çox yüksək dərkedici ambissiyaları var, bunun üçün nə etmək lazım olduğunu bilirlər.
- Oyundan əvvəl xəbər yayılmışdı ki, baş verəcək məğlubiyyətdən sonra istefa verəcəksiz. Məğlubiyyətlər davam edərsə, bu haqda düşünürsüz?
- Siz işinizin peşəkarısız, mən də. İşimizi yüksək səviyyədə bilirik. Burda şayiələrdən danışmağımız alınmaz. Mən ümumiyyətlə ciddi düşünürəm. Ciddi insanam və hər şey haqda dərin düşünürəm. İndi biz istədiyimiz kimi oynamırıq, istədiyimiz kimi nəticələr yoxdur. Başqa şey haqda düşünmürəm.