"Sabah" Berezutskiyə qapını göstərdi: Bir şərtlə qala bilər
07.04.2025 - 10:34
"Sabah" Berezutskiyə qapını göstərdi: Bir şərtlə qala bilər

“Sabah”da növbəti dəfə baş məşqçi ayrılığı yaşanmağa yaxındır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Vasili Berezutski ilə vidalaşmaq niyyətindədir.

Buna səbəb komandanın uğursuz çıxışıdır. 

“Bayquşlar” ötən gün Misli Premyer Liqasının XXIX turunda autsayderlər qrupunda qərarlaşan “Kəpəz”ə məğlub olub – 0:1. Həmin matçdan sonra rəhbərliyin qərarı dəqiqləşib. 

Paytaxt təmsilçisi rusiyalı mütəxəssislə yolları ayırmaqda qərarlıdır. Lakin rəhbərlik bunun üçün mövsümün sonunu gözləyir.

Çünki “Sabah” hazırda Azərbaycan kubokunun yarımfinal mərhələsində mübarizəni davam etdirir və komanda titul iddiasını itirməyib.

Klub mövsümün sonunda titulsuz qalsa, rusiyalıya qapı görünəcək. Hətta “bayquşlar” ölkə kubokunun qalibi olsalar belə, komanda stabil oyun sərgiləməsə, Berezutskinin istefası gözlənilir.

Əvəzində komandaya yenə əcnəbi çalışdırıcının rəhbərlik edəcəyi bildirilir.

Qeyd edək ki, mütəxəssis “Sabah”la ötən ilin noyabrında müqavilə imzalayıb. Onun klubla sözləşməsi 2027-ci ilin yayına qədərdir.