Ruslan Qafitullin: “Unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”
17.02.2024 - 19:57
Ruslan Qafitullin: “Unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”

"Oyun çox maraqlı və dinamik şəkildə keçdi. Matçı üç hissəyə bölmək olar. Birinci hissədə "Kəpəz" daha aktiv idi. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Amma buna baxmayaraq oyunu bərabərləşdirdik. Əlimizə düşən fürsətlərdən istifadə edə bildik".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 23-cü turunun "Kəpəz"lə matçından (3:2) sonra "Sabah"ın məşqçisi Ruslan Qafitullin deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Namik Ələskərovu oynatmamağınızın səbəbi nə idi?
- Həftəlik tsikldə məşqlərdə kimin özünü yaxşı göstərdiyinə baxırıq. Bundan sonra qərar veririk.

- Xəyal Əliyevin performansını necə dəyərləndirirsiz?
- Çox şadam ki, bu gün belə gənc futbolçuya şans verdik. Xəyal da bu şansdan istifadə edə bildi. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə necə olacağını deyə bilmərəm.

- Rəhman Daşdəmirov da artıq əsas heyət üzvünə çevrilir. Onun oyunu haqda nə deyə bilərsiniz?
- Çempionat uzundur. Bütün oyunçulara şans verilir. Kimin özünü necə göstərməsinə görə komandanı formalaşdırırıq.

- Yusif İmanov qapıda duranda daha çox qol buraxırsız. Müdafiə ilə qapıçı arasında anlaşılmazlıq var?
- Mən bu haqda nəsə deyə bilmərəm, qapıçı məşqçisi var. O müzakirə aparacaq. İşimiz çoxdur. Düz deyirsiniz, 4 oyuna 15 qol buraxmaq pis göstəricidir. Amma unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq.

- Digər iki gənc qapıçıya şans verməyin vaxtı gəlməyib?
- Bu suala mən cavab verə bilmərəm. Qapıçı məşqçisi var, o qərar verir.

writer photo
İsmayıl Xeyrullayev
0