Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”
05.09.2024 - 13:47
Tərlan Əhmədov Azərbaycan millisinə inanır: “Üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm”

“İsveç millisi ötən il burda 0:3 hesabı ilə məğlub olub. Matça həmin görüşün revanşı arzusu ilə çıxacaqlar”.

Bu sözləri apasport.az-a açıqlamasında Tərlan Əhmədov deyib.

Millimizin sabiq futbolçusu bu gün baş tutacaq Azərbaycan – İsveç oyununu dəyərləndirib. O, üstünlüyün yığmamızın tərəfində olduğunu bildirib:

“Komandamıza uğurlar arzu edirəm. Yeni baş məşqçi gəlib. Futbolçularımız fərqli taktika ilə yenilənmiş sistemdə oynayacaq. Axşam bunun canlı şahidi olacağıq. Qarşılaşma maraqlı və ağır keçəcək. Rəqibimiz uğurlu tarixi olan bir millidir. Uzun müddət dünya və Avropa çempionatlarının final mərhələlərində çıxış ediblər. Ötən tsikldəki uğursuzluqlarının səbəbi məncə, nəsildəyişmə prosesi idi. Demək olar ki, son oyunlarda yığmaya elə də diqqət ayrılmırdı. Düşünürəm ki, bu səfər həmin uğursuzluqları unutdurmağa çalışacaqlar. Azərbaycan millisinə gəlincə, bəzi futbolçular yığmaya yeni cəlb olunub. Uzun müddət sonra milliyə çağırılanlar da var. Komandanın bir-birinə və baş məşqçinin strategiyasına uyğunlaşması üçün zaman lazımdır. Müəyyən müddətdən sonra komandanın potensialını görmüş olacağıq. Buna baxmayaraq yığmamızın baş məşqçisi ilk rəsmi matçında uğurlu nəticə əldə etmək istəyəcək. Futbolçularımız da onun etimadını qazanmaq üçün meydana çıxacaqlar. Bu gün kim daha diqqətli olsa və səhvlərə yol verməsə, o da qalib olacaq. Cüzi də olsa, üstünlüyün bizim tərəfimizdə olduğunu düşünürəm. Doğma meydanda, yerli publika önündə oynayacağıq. Arzu edirəm ki, komandamız Millətlər Liqasına inamlı nəticə ilə start verər. Qrupda şanslarımız çətin görünür. Amma həyatda mümkünsüz heç nə yoxdur. Uğurlu nəticə əldə etmək olar. Biz də istəyirik ki, millimiz Gürcüstan seçməsi kimi böyük turnirlərin final mərhələsinə vəsiqə qazansın”.

İsmayıl Xeyrullayev

writer photo
İsmayıl Xeyrullayev
0