“Turan Tovuz”un legioner planı - ÖZƏL
17.03.2025 - 23:48
“Turan Tovuz”un legioner planı - ÖZƏL

“Turan Tovuz” komandanın aparıcı üzvü olan Aleks Serranonun gedişini qətiyyət istəmir.

Fərdi ustalığı ilə seçilən ispan “Turan Tovuz”un əsas fiqurlarından birinə çevrilib.

Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi təcrübəli futbolçuya daha bir illik müqavilə təklif edib.

30 yaşlı yarımmüdafiəçinin “Turan Tovuz”la sözləşmə müddəti 2025-ci il iyunun 30-na qədərdir. “Turan Tovuz” üçün Serranonu saxlamaq asan olmayacaq. Çünki ona Azərbaycan klublarından da təklif var. Serrano mövsüm bitəndə konkret qərarını açıqlayacaq.

Aleks “Sportinq Xixon”, “Malyorka”, “Salamanka”, “Talavera”, “Kornelya”, “Qurnik”, “Heber” komandalarında oynayıb. 2023-cü il iyunun 30-da “Turan Tovuz”a keçib.