Vasili Berezutski: “Çox qol buraxırıq”
19.04.2025 - 20:51
Vasili Berezutski: “Çox qol buraxırıq”

Misli Premyer Liqasının XXXI turunun "Sabah" - "Səbail" matçından (3:2) sonra meydan sahiblərinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

"Yaxşı ki, qalib gəldik. Xarakter göstərdik. Son dəqiqələrdə qol vurduq. Çoxdandır ki, bizdə bu çatışmırdı. Amma mənfi cəhət odur ki, iki qol buraxmışıq. Son matçlarda çox qol buraxırıq".

- Demək olar ki, bu dəqiqədən etibarən "Neftçi" ilə kubok oyununu düşünürsüz?
- Bəli, əlbəttə. Elə buna görə, bugünkü matçda çoxlu əvəzetmə etdik ki, futbolçular 90 dəqiqə oynamasın.

- Maqsud Adıgözəlov açıqlama vermişdi ki, kubokda finala çıxmasanız belə, sizi istefaya göndərməyəcəklər. Bəs, siz özünüz necə, finala vəsiqə qazana bilməsəz, istefa haqda düşünəcəksiz?
- Prinsipcə uğurlar və nəticələr olmadıqda mənim özüm üçün də bir yerdə qalmaq çətindir. Ancaq gələcəkdə nələrin necə olacağını bilmirəm. Amma vəziyyətə baxacağıq. İndi "Neftçi" ilə oyuna hazırlaşırıq.