Azərbaycan millisinin sabiq baş məşqçisi: “Həqiqətən də, əla oynadınız”
06.09.2024 - 19:21
Azərbaycan millisinin sabiq baş məşqçisi: “Həqiqətən də, əla oynadınız”

"Oyunu izlədim, yaxşı, maraqlı və gərgin matç alındı. İlk yarıda Azərbaycan millisinin çıxışını bəyəndim”.

Bu sözləri apasport.az saytına açıqlamasında yığmamızın sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.

Şimali makedoniyalı mütəxəssis milli komandamızın Millətlər Liqasının C1 qrupunun ilk turunun İsveçlə oyununu (1:3) şərh edib:

“Həqiqətən də, əla oynadınız. Amma təəssüf ki, sonda məğlub oldunuz. Halbuki, yaxşı oynamışdınız. İsveç millisi də çox güclü komandadır. Onların hücum xətti olduqca güclüdür. Bunun da təsiri oldu, hücum xəttindəki güclərindən istifadə etdilər. Ancaq dediyim kimi, Azərbaycan millisinin ilk yarıdakı oyunu pis deyildi. Fernandu Santuş yaxşı məşqçidir. Ən yaxşısını o bilir. Böyük və təcrübəli biridir. Fikrimcə, o, Azərbaycan millisində uğurlu nəticələr əldə edəcək. Sadəcə bir az zaman lazımdır. Məncə, Santuş millini daha yaxşı nəticələrə apara bilər".

writer photo
İsmayıl Xeyrullayev
0