Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, komandamız İsveçə məğlub olub – 1:3.
Matçdan sonra yığmamızın yarımmüdafiəçisi Coşqun Diniyev görüş barədə fikirlərini bildirib:
“Oyunun çətin keçəcəyini bilirdik. İsveç millisi baxımlı futbol sərgiləyən komandadır. Bakıdakı son matçda bizə məğlub olmuşdular. Bilirdik ki, bunun revanş istəyi olacaq. Həm də Millətlər Liqasında uğurlu çıxış etməyi hədəfləyiblər. Buna baxmayaraq əlimizdən gələni elədik. Sona qədər vuruşduq. Sadəcə qol fürsətlərini dəyərləndirə bilmədik. Bu səviyyədə komandalarla görüşlərdə epizodları dəyərləndirməyəndə, rəqib səni cəzalandırır. Təəssüflər olsun ki, ilk qolu əks-hücumdan buraxdıq. Həmin andan sonra demək olar ki, komanda oyununu itirdik. Ramil Şeydayevin penalti epizodunda hamımız ona inanırdıq. Bu səbəbdən cərimə meydançası ətrafına yığışmamışdıq. İnam var idi ki, top qayıtmayacaq, qol olacaq. Lakin təəssüflər olsun ki, bu, alınmadı. Ümumi götürsək, düşünürəm ki, yaxşı mübarizə apardıq. Düzdü, topa daha az sahib olurduq, şanslarımızı gözləyirdik. Amma ən azından bu qədər fürsət yaratmağı bacardıq”.
Diniyev millimizin növbəti rəqibi – Slovakiya seçməsi haqda düşüncələrini də bölüşüb:
“Slovakiya İsveçlə bərabər səviyyədə komandadır. Hətta deyərdim ki, daha dinamik rəqibdir. Onlarla görüşlərimiz həmişə ağır keçib. Son matçda qələbə qazanmışıq. Lakin bu dəfə Slovakiyanın məqsədi qrup birinciliyidir. Çətin olacaq. 3 gün vaxtımız var. Qələbə ilə Bakıdakı yenilgini unutdurmağa çalışacağıq”.
İsmayıl Xeyrullayev