
Ötən mövsüm “Araz-Naxçıvan”ın aparıcı futbolçusu olan Felipe Santosun yeni mövsüm bu komandada qalıb-qalmayacağı hələ ki dəqiq deyil. Apasport.az saytına müsahibə verən braziliyalı yeni mövsümə fərqli komandada başlaya biləcəyini də istisna etməyib.
- Yeni mövsüm üçün "Araz-Naxçıvan"da qalacaqsan? Artıq dəqiqləşib?
- Hələ ki, aydın deyil. Gələcəyimin necə olacağını yaxın günlərdə görəcəyik.
- Klub sənə yeni müqavilə təklif edib? Özün necə, "Araz-Naxçıvan"da qalmaq istəyirsən?
- Bəli, kub mənə yeni müqavilə təklif edib. Amma sadəcə həmin təklifi hələ ki müzakirə edirik. Gözlədiyim təklif deyildi. Ona görə də çətin ki, bu komandada qalam. Sadəcə konkret nəsə deyə bilmirəm. Baxarıq.
- Maraqlıdır, başqa komandalardan təklif almısan? Azərbaycan klublarından və ya digər ölkələrdən?
- Bəli, mənim bəzi təkliflərim var. Klubların razılığa gəlməsini gözləyirəm. Elə zamandır ki, nəsə deyə bilmirəm. Çünki məsələlər konkretləşməyib. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək.
- “Araz-Naxçıvan" artıq 3 futbolçunu transfer edib. Demək olar ki, yeni mövsüm daha güclü komanda görəcəyik?
- Düzünü desəm, həmin futbolçuları tanımıram. Ümid edirəm ki, onlar “Araz-Naxçıvan”a kömək edə biləcəklər. Ötən mövsüm komanda yaxşı iş gördü, avrokuboklara vəsiqə qazandı.
- “Araz-Naxçıvan” Konfrans Liqasında "Aris"lə qarşılaşacaq. Səncə, püşkatma "Araz-Naxçıvan" üçün uğurlu oldu, yoxsa bəxtiniz gətirmədi?
- Rəqibin “Aris” olduğunu bilirəm. Amma düzü, onlar haqda məlumatlı deyiləm, rəqibi tanımıram. Sadəcə dəqiq bilirəm ki, avrokuboklarda zəif komandalar yoxdur. Hər biri yaxşı komandadır. Çox çətin oyunlar olacaq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.
- Böyük ehtimalla favorit “Aris”dir. Onları keçməyiniz mümkündür?
- Futbolda hər şey olur, hər şey də mümkündür. Ötən mövsümdə “Araz-Naxçıvan”ın uğurlu olacağına bəlkə də heç kim inanmırdı. Ancaq komanda mövsümün sonunda 3-cü pilləni tutdu, avrokuboklara vəsiqə qazandı. Bu mövsüm komanda daha da güclənir. Bu mənada, “Araz-Naxçıvan”ı yeni mərhələ və yeni çağırışlar gözləyir.