
Makedoniya Liqasının 29-cu həftəsində “Qostivar” “Rabotbiçki”ni qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma xaosla yadda qalıb.
Belə ki, meydan sahibləri matçın 67-ci dəqiqəsində Li Ervinin hesabına önə keçib. Ervin 76-cı dəqiqədə birbaşa qırmızı vərəqə alıb. 79-cu dəqiqədə Angelovla hesabı bərabərləşdirən qonaqlar 84-cü dəqiqədə Delayın qolu ilə önə keçib.
"Qostivar" futbolçuları bu qoldan sonra hakimə kəskin etiraz edib.
"Qostivar"da çıxış edən Alper Potuk komanda yoldaşlarına meydanı tərk etməyi əmr edib. Bundan sonra futbolçular meydandan ayrılıblar.
Makedoniya Futbol Federasiyası bu hərəkətdən sonra Qostivar klubuna ağır cəza averib.
Federasiyanın bu gün açıqladığı cəzalara əsasən, Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq üzvü Alper Potuk, komandanın prezidenti Enes Usta və baş məşqçi Blajo Panova 2 il futboldan uzaqlaşdırılıb.
Federasiyanın cəzaları bununla da bitməyib. Klub 10 oyunluq cəza ilə yanaşı, meydandan çəkildikləri üçün 2500 avro və meydançada baş verən insidentlərə görə 5000 avro cərimə olunub. Bundan əlavə, meydanı tərk edən hər bir oyunçu 500 avro cərimələnib.