Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
09.12.2025 - 13:16
Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib

Türkiyə Futbol Federasiyası (TFF) mərc oynanması ilə bağlı aparılan araşdırma çərçivəsində yeni qərarlar qəbul edib.

Apasport.az xəbər verir ki, əlavə istintaq nəticəsində daha 22 hakimin və 27 futbolçunun mərc oynadığı müəyyənləşdirilib. Həmin şəxslər Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.

Bildirilib ki, mərc araşdırması çərçivəsində daha əvvəl - 28 oktyabr 2025-ci ildə - 152 hakim, 10 noyabr 2025-ci ildə isə 1024 futbolçu artıq PFDK-ya yollanıb. Sonradan federasiyaya daxil olan yeni sənədlər əsasında aparılan əlavə yoxlamalar nəticəsində daha 22 hakim barəsində də araşdırma aparılıb və onların 9 dekabr 2025-ci ildən etibarən PFDK-ya sövq edilməsinə qərar verilib.

Peşəkar liqalarda aparılan istintaq çərçivəsində isə yalnız bir dəfə mərc fəaliyyəti qeydə alınan və araşdırması davam edən 47 futbolçudan istintaqı tamamlanan 27 futbolçu da Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən eyni tarixdən etibarən PFDK-ya göndərilib.

Hazırda digər şəxslərlə bağlı araşdırmaların davam etdiyi bildirilir.