Media yoxsa "semiçka" sektoru? - Giley-güzar
05.11.2023 - 11:01
Media yoxsa "semiçka" sektoru? - Giley-güzar

Bilənlər bilir, Sumqayıtda yaşayıram. Necə deyərlər, "Sumqayıt uşağı"yam. İşdən də tez-tələsik çıxdım ki, oyuna çatım - "Sumqayıt" doğma şəhərdə Naxçıvan "Araz"ını qəbul edirdi. 2-0 da uddu. Samir müəllimi təbrik edirəm, çox adamı təbrik edirəm. Day bir-bir ad çəkməyim.

Nəysə, hardasa Mehdi Hüseynzadəyə hazır ola-ola 1 ilə yaxındır həsrət qalan "Sumqayıtın "Kapital Bank Arena"da oyunu artıq başlamışdı. Səliqəli şəkildə şəhərimin polisləri ilə salamlaşdım, tanış-tunuşla görüşdüm, stadiona girən moment akkreditasiya kartımı yaxamdan asdım, media sektoruna doğru yeyin addımlarla yeriməyə başladım. Stadionda da bir neçə yoldaşla görüşəndən sonra tam media sektorun önündə ayaq saxlamaq məcburiyyətində qaldım...

İstədim davam edim, Tanrıbəy dayı demişkən: ayaqlarım sözümə baxmadı. Dostlar, həmkarlar, ey romalılar, biz neçə nəfərik? Ay qardaş, bu ölkədə neçə idman jurnalisti var? Təsəvvür edin, elə spesifik sahədir ki, hamı bir-birini üzdən, adbaad tanıyır. Salamməleykim olmayan adam belə görəndə deyir ki, "Rasim bəy, nə var, nə yox?"

Ə lap tutaq ki, 20 nəfərik, cəhənnəm, 50 nəfərik. Xətrinizə dəyməyəcəm ki, lap olsun, 70 nəfər. İndi bir nəfər mənə izah eləsin görüm, həftənin şənbə günü, özü də eyni gündə "Qarabağ"ın da oyununun olduğu gün, uzaq sayıla biləcək Sumqayıt səfərinə neçə idman jurnalisti təşrif buyurar ki? Hələ nəzərə alın, Anar Xanlarov da "CBC Sport"da idi, stadionda yox. Olsunmu 10 nəfər? Yaxşı, olsun.

Stadiona daxil oldum, gördüyüm mənzərə qarşısında sağlamlığa ziyan olsa da, siqaret yandırmadan bu müsibətə dözə bilməyəcəyimi anladım. Bu an baxdım ki, ölkədə barmaqla sayılacaq qədər azlıqda idman jurnalisti olmasına baxmayaraq, "Sumqayıt"ın media sektorunda təxminən 20 nəfərlik yerin hamısı doludur. Yüngülvari göz gəzdirdim, 5 nəfər tanış gördüm: "kak vseqda" sport24-dən Qasımov Rəşad, futbol plus-un uşaqları və digər tanış simalar...

Allah şahiddir, deyingən, narazı adam deyiləm. Amma oyundakı mənzərə məni türklər demişkən, çilədən çıxartdı. Media sektorunda tanış simalardan əlavə 15 nəfər görəndə elə bil ki, qışın günü kimsə məni yıxıb yerə, ağzıma, burnuma, qulağıma qar doldurur, mən də nəfəs ala bilmirəm, canımla əlləşirəm-bax elə hiss etdim. Siqaretdən bir tüstü də vurub, fikrə daldım, öz-özümə düşündüm - görəsən bunlar kimdir?

Tam əsəbiləşib, taksi çağırıb, şəxsi daşınmaz əmlakıma getmək istəyirdim ki, bəndənizə bir boş yer tapıldı, qaqaşın birini qaldırdılar ki, Rasim, gəl otur. Dünya 1 dəqiqəliyinə gözəlləşdi. "Partkom" baxışlarımdan vəziyyətin "o" olmadığını hiss eləmişdi, mimikaları ilə məni sakitləşdirdi, mən də kirimiş bir küncə qısılıb, sakitcə oyunu izlədim. Sürəti sizin üçün "2x" edirəm.

Birtəhər hirsimi cilovlayıb 90 dəqiqəni başa vurdum. Şaha məlumdur ki, oyunsonrası mətbuat konfransı üçün üz tuturuq konfrans zalına. Nəsə tam bu dəmdə otağın qapısını açıb gördüm ki, Azər Bağırovun iştirakına 2-3 dəqiqə qalmış KONFRANS OTAĞINDA stolun üstündə bir neçə dişlənmiş bulka, yarıyacan içilmiş su, boş butulkalar, pinqvin klyoklar... Fəryad filmindəki zirzəmidən fərqlənmir. Aclığım da yox idi ki, işin üstü açılmamış, onları yeyim bitirim.

Əlqərəz, şəxsən mənim üçün bütün bunlar qələbənin önünə keçdi. Samir Abasovun açıqlamalarında ayıldım ki, doğrudan e, "Sumqayıt" qalib gəlib. Görünür, hələ də bu zehniyyətdən, "cəbhə panyata"sından çıxa bilmirik. Adam heyfslənir. 

Anlayacağınız, Sumqayıtda media sektorunda oyuna baxanda başına ən yaxşı halda semiçka qabığı atılır, yan-yörəndə də jurnalistdən başqa istənilən məzhəbə qulluq edən adam olur. Oyundan sonra konfrans otağının vəziyyətinə baxanda da elə bilirsən, təmir gedən evdə ustalar nahar edir. Yeməklərini yeyəndən sonra durub oboy vuracaqlar. Hələ yaxşı ki, kolbasa-araq yox idi. 
"Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyev, gətir gündəliyini, bir dənə yağlı 2!

writer photo
Rasim Sultanzadə
0