![Vaqif Cavadov 1-ci məktubu açdı, Samir Abasovun adı çıxdı](https://ww3.apasport.az/storage/news/2025/february/11/big/67ab2962d094d67ab2962d094e173927049867ab2962d094b67ab2962d094c.jpg)
Gəlin, daha əvvəl eşitməyənlər üçün maraqlı bir hekayə danışım.
Vədə yetişir, böyük bir şirkətin rəhbəri vəzifəsindən ayrılmalı olur. Şirkətdən ayrılarkən yerinə keçən yeni müdirin çəkməcəsinə 3 məktub qoyur və deyir:
“Məktubların üzərinə rəqəmlər yazmışam. Əgər işlər pis getsə, birinci məktubu açarsan”.
Yeni rəhbər işə başlayır. Görür ki, vəziyyət ruscadır. İşlər elə də ürəkaçan getmir. Yadına köhnə müdirin yazıb qoyduğu məktub düşür. Çəkməcəni açır, birinci məktubu götürür. Görür ki, ondan əvvəlki müdir məktuba 1 cümlə yazıb:
”Keçmişi günahlandır. İşlər pis davam etsə, 2-ci məktubu açarsan.
Yeni rəhbər belə də edir. İclaslarda, mətbuat konfranslarında keçmiş rəhbərliyi günahlandırmağa başlayır ki, mən nə edim, məndən əvvəlki hər şeyi məhv edib, gedib. Mən hələ təzə gəlmişəm, amma düzəltməyə çalışacam. Bunun üçün bir az vaxt lazımdır.
Günlər həftələri, həftələr ayları qovur. İşlər heç cür düzəlmək bilmir. Çarəsiz qalan müdir qərara gəlir ki, sabiq rəhbərin yazdığı ikinci məktubu oxusun. Çəkməcəni açır, məktubun üstündəki tozu üfürür, ehtiyatla kənarını cırır. Görür ki, köhnə rəhbər məktuba belə bir şey yazıb:
"Yanındakıları günahlandır. Əgər işlər yenə düzəlməsə, 3-cü məktubu açarsan".
Qabaqkı rəhbərin bu tövsiyəsi də yeni müdirin ağlına batır. Bu yöndə açıqlamalar verməyə başlayır:
”Əslində, mənlik bir problem yoxdur. Əlimdə olan material yetərsizdir. Kadrlar zəifdir. İstədiklərim, tələblərim qarşılanmır, ona görə uğursuzluq davam edir”.
Bu bəhanələrdən sonra yeni rəhbər bir az da vaxt qazanır. Amma və lakin... İşlər heç cür düzəlmir ki, düzəlmir. Artıq əlindən heç nə gəlmədiyini görən müdir kor-peşman gəlir otağına. Saqqalına tumar çəkir, gözünü bir qədər iş masasına zilləyəndən sonra çəkməcəni açır və son məktubu götürür. Məktubda köhnə müdirin bu sözləri yazılır:
”Sən də 3 məktub yazmağa başla...”
Həə, dostlar, bax, belə. Müdrik olanlarınız yəqin ki, söhbətin nədən, kimlərdən getdiyini, bu hekayəni niyə sizə danışdığımı başa düşdü. Amma bildiyiniz kimi, mən yazı yazanda istəyirəm dünyadan xəbəri olmayan yoldaşlar da yazını başa düşsün, olub bitənlərdən agah olsun. Ona görə detal verməyi xoşlamasam da, keçək mətləbə.
Vaqif Cavadov "Sumqayıt"ın başında çıxdığı ilk oyundan sonra mətbuat konfransında çox böyük səhv etmişdi. Demişdi ki, komanda fiziki cəhətdən zəifdir, düzəldəcəyik. Baxdım üzünə, təbəssüm və təəccüblə dedim, Samir Abasovdan təhvil aldığınız komanda fiziki zəifdir? Bu təbii ki, ritorik sual idi... Çünki istər sıravi futbol izləyicisi olsun, istər məşqçi, rəhbər şəxs ən azından vicdanən Abasovun başçılıq etdiyi, yayda onun əlindən çıxan komandalara fiziki cəhətdən zəif deməz. Xüsusilə Samir Abasovu ön planda saxlayan keyfiyyətlərindən başlıcası futbolçularının fiziki forması olur. Və... Premyer Liqa matçlarını müşahidə, analiz edən adamlar da görürdü ki, oynatdığı oyun da Samirin qoyub getdiyi idi. Hətta "Neftçi"yə qarşı da. Bədəlovun arada hücuma qoşulub "false nine" oynamağına kimi...
Bir başqa məsələ; futboldan bir damcı başı çıxan adamlar heç şübhəsiz bilir ki, noyabr, dekabr ayında komandaya fizika yükləmirlər. Baş məşqçi kimi təcrübəsi az olan Cavadov yəqin ki, heç olmasa bunu bilir. Amma bilə-bilə demişdi ki, qısa vaxtda düzəldəcəyik.
Hə, Cavadov ilk məğlubiyyətindəcə həyəcanlanaraq 1-ci məktubu vaxtından bir az tez açmışdı...
Əslində isə məsələyə köhnə müdir - Samir Abasov tərəfdən baxsaq, məktub məsələsi onun haqqı idi. Amma Allahın əcnəbi məşqçisini o qədər təkidimizə baxmayaraq ayağa verməyən Abasov, azərbaycanlı həmkarı tərəfindən ilk açıqlamadaca günah keçisi elan edildi. Sirr deyil ki, Roman Qriqorçukun qoyub getdiyi "Neftçi" ilə, Samir Abasovun qoyub getdiyi "Sumqayıt" arasında yerlə göy qədər fərq var idi. Başlıca fərq vicdani fərq idi. İşə, aldığı maaşa vicdanla yanaşmaq məsələsi idi. Bir mövsümü qurban verilmiş, bəlkə önümüzdəki mövsümə belə təsir edəcək səhv planlama, transfer siyasəti və təlim məşq toplanışı görmüş "Neftçi"yə gələn Abasov, "Sumqayıt"da Vaqif Cavadova ən azından fiziki hazırlıq baxımından daş kimi komanda hədiyyə edib getmişdi... (oxu)
Amma hər mətbuat konfransında həqiqəti bilən jurnalistlər nə qədər ondan qabaq baş verənləri açıq danışması üçün Abasovu səsləsə də, o bunu etik saymadığını, "Neftçi"nin daha yaxşı olması üçün çox çalışmalı olduğunu dedi. Maraq üçün, Abasov hər dəfə belə cavab verəndə, ondan qabaqkı periodda Qriqorçukun komandanın başına açdığı oyunu bilən adam kimi başımı yelləmişəm.
Əlqərəz, Vaqif bəy. Görünən odur ki, Abasovun yayda "Sumqayıt"a verdiyi hazırlığın təsiri itməyə başlayıb. Siz də 1-ci məktubu artıq açmısız, üstündən də xeyli vaxt keçib. Belə görürəm, bu gedişlə 2-ci məktuba da bir şey qalmayıb. Riad Rəfiyevin sələflərinizlə necə vidalaşdığı yadınızdan çıxıb? (oxu) Ayxan Abbasovun ayrılığının üstündən xeyli keçsə də, Samirin gedişi ki çox uzaq keçmiş deyil?!
7 oyundur qol vura bilməyən komandanız bir az da belə davam eləsə, nəinki 2-ci məktubu açmaq, yavaş-yavaş siz də 3 məktub yazmağa başlayarsız...
Rasim Sultanzadə