Jurnalistləri söyən italyan və tarix yazan çeçen - Qazaxıstanın uğurunun memarı
22.11.2023 - 13:48
Jurnalistləri söyən italyan və tarix yazan çeçen - Qazaxıstanın uğurunun memarı

Maqomed Adiyev, bu gün sizə ondan danışacam.

Bəli, Azərbaycan kimi sovet şinelindən çıxmış Qazaxıstanın baş məşqçisindən!

Qazaxıstan millisinin Sloveniyada 1:2 hesablı məğlub olduğu oyundan sonra Adiyev belə dedi: "Bəlkə də bəzi məqamlarda haradasa səhv hesablamışam. Ona görə də bu məğlubiyyəti tamamilə öz üzərimə götürürəm".

Bu sözlər heyrətamizdir. Adam bu komanda ilə əvvəllər heç kimin etmədiyi və ya edə bilmədiyi bir nailiyyət əldə etdi. Bəli, nailiyyət! Niyə?

Çünki DÇ-2022-nin son seçmə mərhələsində Qazaxıstan millisinin TƏK qələbəsi belə yox idi. Fransa, Ukrayna, Finlandiya və Bosniya ilə səkkiz görüşdə Qazaxıstan cəmi üç xal toplayıb və ümidsiz halda sonuncu yerdə qərarlaşmışdı. Hətta özündən əvvəlki bosniyalılardan 4 xal geri qalırdı.

İndi Qazaxıstan, son matçın son dəqiqələrinə qədər, (ikinci qolu buraxana qədər) AVRO-2024-ə birbaşa çıxma imkanında idi. Yenə indi də bunu Millətlər Liqasının pley-off mərhələsində də edə bilər. Kimlə? Ancaq Adiyevlə!

Adiyevlə Qazaxıstan sonuncu avronun bürünc mükafatçısı Danimarkaya 0:2 hesabı ilə uduzduğu halda 3:2 hesabı ilə qalib gəldi. O, Helsinkidə keçirilən taleyüklü görüşdə 0:1 uduzduğu halda 2-1 qalib gəldi. Bəli, heç-heçə belə komandasını ikinci yer tutmaq şansından məhrum edirdi. O, Şimali İrlandiyanı iki dəfə 1:0 hesabı ilə məğlub etdi, baxmayaraq ki, əvvəlki dövrlərdə bu iki komandanı müqayisə etməkdən söhbət belə gedə bilməzdi.

Adiyev Sloveniyada liderlər Zaynutdinov və Tagybergenin xidmətindən yararlana bilmədi. Heç əlində onları əvəz edəcək, onlara bərabər kimsə də yox idi.

Amma Adiyev bu barədə bir söz demədi, məğlubiyyətin günahını öz üzərinə götürdü. Bəli, “müəyyən dərəcədə”, “hardasa” - deyərək yox, təmamilə öz üzərinə götürdü (Bunu bir yanda qeyd edin, hardasa müqayisə edərsiniz).

Oyunçuların məsuliyyəti və tapşırığı yerinə yetirməməsi barədə bir kəlmə də söyləmədi. Rəqibi “Ferrariyə”, yetirmələrini isə “Fiat”a bənzətmədi. Hakimlər haqqında bir kəlmə də söyləmədi. Heç UEFA prezidentinin sloveniyalı olması haqqında bir nişanə də yoxdur. Nəhayət, rəqibin sadəcə daha güclü olması, tərkibinin daha yaxşı olması və matçın favoriti olması barədə bir söz demədi.

Sadəcə bunları dedi:

"Bəlkə də mən haradasa səhv hesablamışam." “Məğlubiyyəti tamamilə öz üzərimə götürürəm”

Bu qədər sadə.

Onun kasıb “Anji”də çalışdığı vaxtlarda, elə indi Qazaxıstan millisində işlədiyi müddətdə dediklərini nəzərə alanda anlayırsan ki, bütün bunlar sadəcə görüntü xatirinə davranışlar deyil. Əksinə Adiyevin əsl mahiyyətidir.

İndi belə insanlar və belə məşqçilər azdır. Ona görə də onun oyunçuları Adiyev kimi insanlar üçün mübarizə aparır və mübarizə aparacaqlar.

Adiyev çeçendir. Xeyr, milli kimliyini itirmiş, bir çox şər işə qol qoyan bəzi həmvətənləri kimi deyil. Əksinə, çeçen xalqının həqiqətən fəxr ediləsi, əsl nümayəndəsidir.

Adiyev nümunədir! Hər şeydən öncə insanlığına görə! İkincisi isə peşəkarlığına görə.

Ümid edək ki, Adiyevin drujinası AVRO-2024-ə vəsiqə qazanar. Və ümid edək ki, əks halda belə, qazax xalqı qafqazlı Maqomedin bu ölkə üçün etdiklərini unutmaz.

Sayğı və sevgi ilə, cənab Adiyev.

writer photo
Şəfi Şəfiyev
0