Berti Foqts: “Söz verirəm ki, güclü komandalara Bakıda xal qazanmaq çətin olacaq”
14.04.2008 - 19:28
“APA-Sport” agentliyinin məlumatına görə, bunu bu gün keçirilən təqdimetmə mərasimində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı məşqçinin sözlərinə görə, Azərbaycan futbolunun səviyyəsini qaldırmaq onun üçün xoş olacaq: “Təbii ki, biz 2010-cu ildə dünya çempionu ola bilmərik. Ancaq qrupumuzda Almaniya, Rusiya kimi komandalardan xallar ala bilərik. Desək ki, 30 xal yığacağıq, siz məni yalançı adlandıracaqsınız. Desəm ki, 3 xal toplayacağıq, onda cavabınız “çıxıb gedin” olacaq. Əslində futbol asan oyundur. Sadəcə, düzgün hazırlaşıb, sonadək mübarizə aparmaq lazımdır. Söz verirəm ki, güclü komandalara Bakıda xal qazanmaq çətin olacaq. Biz yaxşı oyun göstərib, rəqiblərimiz üçün təhlükəli olmağa çalışacağıq”. Qarşıdakı planlarından söhbət açan 62 yaşlı mütəxəssis tez-tez yığışmağın vacibliyinə toxunub: “AFFA rəhbərliyinə təqdim etdiyim proqramda ayda ən azı bir dəfə yığışmaq nəzərdə tutulub. Klublarla da görüşüm nəzərdə tutulub və birlikdə əməkdaşlıq etməyimizi istəyirəm. Futbolda psixoloji hazırlıq fiziki durumdan da önəmlidir. Futbolçularla tanış olduqdan sonra onların hazırlıq prosesində stress vəziyyətinin necə olduğunu təhlil edib, psixoloji hazırlıq üzərində çalışacağam. İzlədiyim matçlarda futbolçularınızın müsbət cəhətlərinin olduğunu gördüm. Ancaq problemlərini özlərinə desəm, daha məqsədəuyğun olar. Çempionatla yanaşı, kubok matçlarını da izləyəcəyəm və yeni futbolçular axtarışında olacağam. Ölkə kubokunun final matçından sonra, mayın 30-da Almaniyaya yola düşüb, Andorra ilə matça hazırlaşacağıq. Bura Almaniyadan məşqçilər, tibbi personal da gətirəcəyəm”. Nigeriya yığmasından işi məhsuldar alınmadığı üçün ayrıldığını deyən B.Foqts bildirib ki, ölkəmizdən gələn sərfəli təklifi müsbət cavablandırıb: “62 illik ömrümün uzun illərini futbol oynamışam, məşqçi işləmişəm, 21 il isə Almaniya Futbol İttifaqında çalışmışam. Belə bir insanın pula maliyyə ehtiyacı yoxdur və bura pula görə gəlməmişəm. Ancaq bu o demək deyil ki, mən Azərbaycanda müftə işləyəcəyəm. Təbii ki, işimin qarşılığında nəsə qazanacağam”.
0
0