Yunis Hüseynov: “Komandamızda hücum xəttinin zəif olduğunu etiraf edirəm”
19.04.2008 - 11:17
Yunis Hüseynov: “Komandamızda hücum xəttinin zəif olduğunu etiraf edirəm”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bakı” ilə “Karvan”ın görüşü hər zaman maraqlı və gərgin keçib. Hər iki komanda indi mükafatlar uğrunda mübarizə aparmasa da, sabahkı matçın maraqsız keçəcəyinə inanmıram. Çünki həm “Bakı”, həm də “Karvan”ın özünəməxsus oyun dəst-xətti var”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. 43 yaşlı mütəxəssisin sözlərinə görə, “Bakı”da çox dəyişiklik baş verməyib: “Demək olar həmin komandadır. “Bakı” ilə ilk dövrədə “Standard”ın baş məşqçisi kimi görüşmüşdüm. Rəqibin çalışdırıcısı Böyükağa Hacıyevin istefa verdiyi 1:1 hesabı ilə başa çatan həmin oyun yadımdadır. Deyə bilmərəm ki, makedoniyalı mütəxəssis Qyoko Hacievskinin gəlişindən sonra “Bakı” güclənib, yaxud zəifləyib”. “Karvan” indiyədək “Bakı” ilə səfər oyunlarında qol vura bilməyib. Y.Hüseynov hücumçularından narazı olduğu olduğunu gizlətməyib: “Cari mövsümdə hücum xəttimizin zəif olduğunu etiraf etməliyəm. Bu yöndə çalışırıq və “Bakı” ilə oyunda uğursuzluğa son qoymaq fikrindəyik. Təbii ki, rəqib də son vaxtlar zəif oynadığından, öz meydanında qələbə qazanmağa çalışacaq. Amma biz də səfərdə çıxış etsək belə, yalnız qələbə haqda düşünürük. Hansı komanda qol imkanlarından yararlana bilsə, o da meydanı qalib tərk edəcək”.
Qeyd edək ki, “Karvan” “Bakı”nı tarixində cəmi bir dəfə, o da iki il öncə Yevlaxda məğlub edib (1:0).
0