Valentin Xodukin: “Naşükür olmaq lazım deyil”
19.05.2008 - 15:39
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Komandanı çalışdırdığı son iki mövsümdə əvvəl 4-cü olan, bu dəfə isə ən azı 2-ci yeri tutacaq V.Xodukin “İnter”in tarixinə ilk medal və Avropa kuboklarına vəsiqə qazandıran mütəxəssis kimi düşüb. Bundan məmnun olan 69 yaşlı ukraynalı mütəxəssis özünü öyməyi də məqsədəuyğun saymır: “Sadəcə, əbəs yerə çalışmadığımızı sübut etmək sevindiricidir. Qış fasiləsində keçirilən yoxlama oyunları zamanı nəticələrimizi çoxları ciddi qəbul etmirdi. Halbuki, “Spartak”, “Lokomotiv” kimi güclü klublara uduzmamaq təsadüfi deyildi və ikinci dövrədə çıxışımız buna göstərdi. Ötən mövsüm isə nəticə qazanmamağımızın bir çox səbəbləri vardı.”. Premyer Liqanın sonuna bir tur qalmış “qızıl dubl” etməyə də nəzəri şansları qalan “İnter”in çalışdırıcısı bu haqda düşünmür. V.Xodukin reallığı nəzərə almağı vacib sayır: “Naşükür olmaq lazım deyil. Bir neçə tur əvvəl hətta 2-ci yeri tutmağımız real görünmürdü. Hər şeyi bəxtlə bağlamaq da düzgün deyil. Çünki rəqiblərimizin öz aralarında oyunları qalırdı ki, bu zaman xal itkisi labüd idi. “Qızıl dubl” etməyə nəzəri şansımız qalsa da, bunu real saymıram. Son tura qalan çempionluğun taleyi haqda fikirləşmirəm”.
0
0