“Foqtsu seçməkdə, doğru addım atmısınız”
11.11.2008 - 11:39
“Foqtsu seçməkdə, doğru addım atmısınız”
Bakı. Mehman Süleymanov – APA-Sport. Almaniyanın “Ayntraxt” klubunun məşqçisi Karl Rotterin “APA-Sport”a eksklüziv müsahibəsi

- Rəhbərliyiniz altında çıxış edən Cem Fələk Azərbaycan yığmasına namizəddir. Onu bir futbolçu kimi necə qiymətləndirərdiniz?
- Cem “Ayntraxt”a gələnədək kiçik komandalarda məşq edib. Biz onun böyük potensialının olduğunu görərək, komandamıza cəlb etdik. Çox istedadlı, məhsuldar futbolçudur. Yaxşı zərbələrə, qol duyumuna malikdir. Fələk hazırda çox yaxşı formadadır. Həddindən artıq özünə inamlıdır, iradəli futbolçu təsiri bağışlayır. Əlbəttə ki, Cem getdikcə daha da püxtələşəcək və bundan da yaxşı oyun nümayiş etdirəcək. Biz bunun üçün ona əlimizdən gələn köməyi göstərəcəyik.

- Cem milliyətcə türk olmasına baxmayaraq, Azərbaycan yığmasında oynamağa qərar verib. Onun bu seçiminə münasibətiniz necədir?
- Düşünürəm ki, bu, çox gözəl addımdır. Cemin milli komandaya dəvət edilməsi onun üçün bir şərəfdir. Elə Azərbaycan yığması üçün də belə bir perspektivli futbolçunu heyətə cəlb etmək yaxşı haldır. Elə düşünürəm ki, yığma Fələk üçün beynəlxalq oyun təcrübəsini artırmaq üçün yaxşı bir şansdır. O, səviyyəsini artırmaq üçün yaxşı imkan əldə edir.

- Yetirməniz Almaniyada anadan olub. Bir almaniyalı kimi, Cemin başqa ölkəni seçməsini necə qəbul edirsiniz? Onun Almaniya milli komandasında oynamasını istərdinizmi?
- Əlbəttə ki, mən bunu istərdim. Lakin buna uzun bir yol lazımdır. Almaniyada 12-13 yaşlı uşağın milli komandaya cəlb olunması real deyil. Əgər Azərbaycan yığması belə yaşda futbolçunu əldə edə bilirsə, bu, onun inkişafı üçün çox yaxşı imkandır. Cem 18-21 yaşına qədər seçimini qətiləşdirə bilər. İstənilən halda, seçim futbolçunun özünə məxsusdur və ona hörmət etməliyik.

- Cemin “Ayntraxt”ın əsas komandasına düşmək perspektivini necə qiymətləndirirsiniz?
- Şəxsən mən bunun reallaşmasını çox istərdim. Təbii ki, əsas komandada oynamaq Cem üçün hələ tezdir. Ancaq gələcəkdə bunun gerçəkləşəcəyinə inanıram. Fələk səviyyəsini artırmaq üçün öz üzərində çox çalışmalıdır.

- Fələk “Barselona”, “Çelsi”, “Arsenal” kimi klublarda oynamağı arzulayır. Onun bu istəyini nə dərəcədə real sayırsınız?
- Futbolçunun belə bir arzuda olması yaxşı haldır. Çünki iddialıdır və indidən qarşısına böyük məqsəd qoyub. Ancaq Cemin cəmi 12-13 yaşının olduğunu nəzərə alsaq, istəyinin gerçəkləşəcəyini indidən demək çətindir. Bilmək olmaz, Cem misal üçün, 15 ildən sonra hansı səviyyədə olacaq. Hazırda böyük perspektiv vəd edir. Hesab edirəm ki, Fələk artıq 16-17 yaşında beynəlxalq səviyyədə oynaya bilər. Onun gələcəyi parlaqdır.

- Azərbaycan futbolu, milli komandamız haqda hansı məlumatlarınız var?
- Son vaxtlar bir sıra həmkarlarımın ölkənizdə çalışmasından xəbərdaram. Bunlar arasında milli komandamızın sabiq baş məşqçisi Berti Foqts, vaxtilə elə “Ayntraxt”da çalışan Bernard Lippert var. Fikrimcə, Azərbaycan futbolu düzgün inkişaf yolundadır. Ərazisi kiçik olan ölkənizdə futbolun səviyyəsini qaldırmaq üçün düzgün qərarlar qəbul edilib. Bu mənada futbol federasiyanızın atdığı addımları təqdirəlayiq hesab etmək lazımdır. Berti Foqts kimi məşqçini cəlb etməklə, doğru addım atmısınız. O, artıq özünü sübut etmiş bir mütəxəssisdir. Yığmamız 1996-cı ildə məhz Foqtsun rəhbərliyi altında Avropa çempionluğunu qazanıb.

- Ancaq Foqtsun çalışdırdığı Azərbaycan yığması səviyyəcə Almaniyadan çox fərqlənir. Necə hesab edirsiniz, Foqts milli komandamızın səviyyəsini qaldıra bilər?
- Düşünürəm ki, buna nail olacaq. Çünki Foqtsun kifayət qədər böyük təcrübəsi var. Onun futbolunuza, yığmanıza çox xeyir verəcəyinə, səviyyəni qaldıracağına əminəm.

- Azərbaycan yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə eyni qrupa düşüb...
- Sözsüz ki, bir alman kimi yığmamızın qələbə qazanmasında maraqlıyam. Almaniya nə qədər favorit olsa belə, istənilən rəqiblə oyuna ciddi yanaşır.

- AFFA ilə “Ayntraxt” arasındakı anlaşmaya əsasən, 17 yaşlılardan ibarət yığma komandamızın iki futbolçusu bu ay klubunuzun hazırlıq prosesində yer alacaq. Onların gələcəkdə “Ayntraxt”ın futbolçusu olmaq perspektivini necə dəyərləndirərdiniz?
- İki futbolçunuzun bizim kluba gələcəyi haqda məlumatım var. Hesab edirəm ki, bu, onlar üçün çox gözəl təcrübə olacaq. “Aytraxt”da çox istedadlı futbolçular var və azərbaycanlı oyunçular onlarla birgə hazırlıq keçməkdən faydalana bilərlər. Bu, onlar üçün gözəl fürsətdir. Hər şey futbolçunun özündən asılıdır və onlar öz üzərində çox çalışmaqla, inkişaf edə bilərlər.


0