Berti Foqts: “Lixtenşteynlə oyundan sonra azarkeşlərə borcumuz qalıb” - YENİLƏNİB
18.11.2008 - 12:37
Berti Foqts: “Lixtenşteynlə oyundan sonra azarkeşlərə borcumuz qalıb” - YENİLƏNİB
Bakı – APA-Sport. “Albaniya ilə oyuna tam hazırıq”. Bunu sabah növbəti yoldaşlıq görüşünü keçirəcək Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts jurnalistlərlə söhbətində deyib. “APA-Sport”un məlumatına görə, milli komandamızın bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi məşqdən sonra mediaya açıqlama verən Foqts heyətdə hər hansı problemin olmadığını vurğulayıb. Albaniya yığmasını güclü olduğunu söyləyən almaniyalı çalışdırıcı bununla belə sabah meydana qələbə üçün çıxacaqlarını deyib: “Lixtenşteynlə oyundan sonra azarkeşlərə borcumuz qalıb. Sabah bu borcumuzdan çıxmağa çalışacağıq”.

Bundan sonra Foqts jurnalistlərin suallarını cavablayıb:

- Komandanın sabahkı oyunu haqqında nə fikirləşirsiniz? Bəhreyn uğurunun arxası gələcəkmi?
- Çalışacağıq ki, qələbə qazanaq. Albaniya millisi sonuncu dəfə Portuqaliyaya qarşı 0:0 oynayib, mən onların məşqçisini də yaxşı tanıyıram. Rəqibizin heyətindəki futbolçular Almaniya, İsveçrə və başqa ölkələrin çempionatlarında çıxış edirlər, bu da onların güclü komanda olmasından xəbər verir.

- Albanlar burdan qələbəylə dönmək istəyir. Necə fikirləşirsiniz, onların bu arzusunu gözlərində qoymağı bacaracağıqmı?
- Bunu sabah biləcəyik.

- Komandada heyətlə bağlı problem varmı?
- Çox təəssüf ki, Kamran Ağayev, Luis Fabio Ramim, Aqil Nəbiyev və Rail Məlikov zədə ucbatından sabah oynamayacaq, amma elə böyük problem yoxdur. Bu, cavan oyunçuların özlərini göstərmək üçün bir imkandır. Azərbaycan futbolunun gələcəyi gənclərin əlindədir. Biz onlara inanırıq və imkan verəcəyik ki, özlərini göstərsinlər.

- Oyunçuların fiziki durumu sizi razı salırmı?
- Mən onlardan razıyam. Ötən həftə çox yaxşı məşq ediblər, onlar 90 dəqiqə oynamağa hazırdılar.

mənbə: qol.az













0