Araz Nəsirov: “Xəzər-Lənkəran”ı böyük mütəxəssis çalışdıracaq
28.11.2008 - 18:40
Araz Nəsirov: “Xəzər-Lənkəran”ı böyük mütəxəssis çalışdıracaq
“Komandamızın yeni baş məşqçisi beynəlxalq arenada böyük təcrübəyə malik mütəxəssis olacaq. Bu, yerli məşqçi də ola bilər, əcnəbi də”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Araz Nəsirov deyib.

Türkiyəli çalışdırıcı Rasim Karanın istefasından sonra baş məşqçi axtarışında olan Lənkəran təmsilçisini ilk dövrənin son turunda “Simurq”la səfər görüşünə Hafiz Əliyev çıxaracaq. Nəsirovun sözlərinə görə, beynəlxalq təcrübəsi böyük mütəxəssis deməklə, yalnız əcnəbiləri nəzərdə tutmaq düzgün olmazdı: “Baş məşqçinin beynəlxalq oyun təcrübəsinin böyük olmasına üstünlük verəcəyik. Komandamızı belə keyfiyyətlərə malik bir mütəxəssis çalışdıracaq. “Xəzər-Lənkəran”a layiq olan məşqçi ilə əməkdaşlıq etmək fikrindəyik. Elə bir məşqçi istəyirik ki, yetərincə təcrübəsi olsun və komandanın təkcə ölkə daxilində yox, ondan kənarda da uğurlu çıxışına öz töhfəsini versin”.

Nəsirov baş məşqçi seçimində düşünülmüş addım atmağı vacib sayır. Tələskənliyə ehtiyac görməyən vitse-prezident fikrini belə əsaslandırıb: “Tələskənliyə yol verməyin sonradan pis fəsadları ola bilər. Buna görə də tez qərar verməyə ehtiyac görmürük. Hələ kifayət qədər vaxtımız var. İlk dövrə bitəndən sonra baş məşqçi məsələsini götür-qoy edib, vaxtı çatanda qərarımızı verəcəyik”.