Brumonun “Qalatasaray”la bağlı ilk açıqlamaları
03.09.2013 - 22:21
Brumonun “Qalatasaray”la bağlı ilk açıqlamaları
“Qalatasaray”ın Portuqaliyanın “Sportinq” klubundan transfer etdiyi futbolçusu Brumo bu gün səhər saatlarında Türkiyəyə gəlib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafəçi yeni komandası ilə bağlı klub saytına maraqlı açıqlamalar verib.

Portuqaliyalı futbolçu “Qalatasaray”da oynayacağı üçün çox xoşbəxt olduğunu deyib: “Buraya gəldiyim üçün çox xoşbəxtəm. Çox önəmli bir klubla anlaşdığımı düşünürəm. U20 Dünya Kubokundakı çıxışımdan sonra mənə başqa klublardan da təklif gəldi. “Qalatasaray”a seçməyimdə klubun quruluşu, tarixi, burada oynayan futbolçular və baş məşqçi Fatih Terimin məni çox istəməsi böyük rol oynadı. Ən qısa zamanda məşqlərə başlamaq istəyirəm. Komandamın uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Brumo yeni komanda yoldaşları barədə də danışıb: “Qalatasaray”da Droqba və Sneyderlə birlikdə çox önəmli futbolçular var. Droqba və Sneyderdən həm futbol, həm də həyatla bağlı öyrənəcəyim çox şey var. Onlardan öyrəndiklərimlə şəxsi qabiliyyətimi birləşdirərək burada önəmli işlər görməyi hədəfləyirəm”.

Qeyd edək ki, Brumo ilə 5 illik müqavilə imzalayan “Qalatasaray” klubu bu transfer üçün “Sportinq”ə 10 milyon avro ödəyəcək.