Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, 35 yaşlı italiyalı hücumçu “Əl-İttifaq” klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Hazırda “Əl-İttifaq” BƏƏ çempionatının ikinci divizionunda sonuncu pillədə qərarlaşıb. Klub təcrübəli futbolçunun transferi ilə vəziyyəti yaxşılaşdırmaq niyyətindədir.
Balotellinin son klubu “Cenoa” olub. O, komandanı 2025-ci ilin yayında tərk edib. Hücumçu 2024/25 mövsümündə Genuya təmsilçisinin heyətində 6 oyunda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Qeyd edək ki, Mario Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Marsel”, “Nitsa”, “Breşiya”, “Monza”, “Sion” və “Adana Demirspor” kimi klublarda forma geyinib.