Jorje Jesuş “Fənərbaxça”ya qayıdır? “Bitməmiş hekayəm var”
22.05.2026 - 10:11
Jorje Jesuş “Fənərbaxça”ya qayıdır? “Bitməmiş hekayəm var”

“Fənərbaxça”nın sabiq baş məşqçisi Jorje Jesuş gələcək karyerası ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul klubuna mümkün qayıdış ehtimalını istisna etməyib.

Jesuş yeganə çempion ola bilmədiyi liqa olaraq Türkiyə çempionatını misal çəkib:

“Çempion ola bilmədiyim, amma kubok qazandığım yeganə klub “Fənərbaxça”dır. Bəlkə də “Fənərbaxça”da hələ bitməmiş, tamamlanması lazım olan bir hekayəm var”.

Təcrübəli mütəxəssisə “Fənərbaxça”ya gedirsiniz?” sualı da ünvanlanıb. Jesuş bu ehtimalı açıq saxlayıb:

“Bu, ehtimallardan biridir. Bunu düşünəcəyəm. Amma əvvəlcə tətil üçün Portuqaliyaya, sonra Braziliyaya gedəcəyəm. Daha sonra yeni mövsümdə harada olacağımı birlikdə görəcəyik”.

Qeyd edək ki, Jorje Jesuş 2022/23 mövsümündə “Fənərbaxça”nı çalışdırıb və komanda onun rəhbərliyi altında Türkiyə Kubokunu qazanıb.