"Qalatasaray"ın futbolçusu İlkay Gündoğan komandasının hədəflərindən danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Sky DE"yə açıqlamasında klubun hazırda Türkiyənin ən böyük komandası olduğunu bildirib.
"Hazırda açıq şəkildə Türkiyənin ən böyük klubu bizik. Ardıcıl dörd dəfə çempion olduğumuz üçün xoşbəxtik. Amma hər il işlər daha da çətinləşir. Liqa güclənir və çempionata qətiyyən laqeyd yanaşa bilmərik. Ardıcıl dörd dəfə çempion olmaq eyni zamanda Çempionlar Liqasına daha çox fokuslanmağı da tələb edir".
Gündoğan Avropa arenasındakı çıxışlarını da dəyərləndirib.
"Öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə çox güclü komandaya çevrilmişik. Ancaq səfər oyunlarında zəif və təsirsiz çıxış etmişik. Xüsusilə səfərdə daha yaxşı oynamalıyıq. Həmçinin komanda olaraq daha intizamlı və təşkilatlanmış şəkildə rəqiblərimizə çətin anlar yaşatmalıyıq".
34 yaşlı futbolçu "Qalatasaray"ın gələcəyi ilə bağlı da nikbin danışıb.
"Qalatasaray"ın böyük potensialı var. Biz bunu inkişaf etdirməyə davam edə, hətta etməliyik. Klubu indiki səviyyəsindən də böyük etmək üçün qarşıda hələ çox uğurlara imza ata bilərik".