“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında “Qalatasaray” üzərində qazandıqları 4:1 hesablı qələbəni dəyərləndirib.
Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu matçdan sonra verdiyi açıqlamada İstanbul təmsilçisinin güclü komanda olduğunu və azarkeşlərin yaratdığı atmosferin onları çətin vəziyyətə saldığını bildirib.
“Buranın oynaya biləcəyimiz ən çətin stadionlardan biri olduğunu bilirdik. Soyunub-geyinmə otağında rəqibin bizə necə təzyiq göstərəcəyini və azarkeşlərin yaratdığı səs-küyü müzakirə edirdik. Qələbəyə görə çox sevinirik. “Qalatasaray” həqiqətən keyfiyyətli komandadır. İlk hissənin sonunda hesabı bərabərləşdirməyimiz çox vacib idi. Onların ikinci qolu ləğv edilməsəydi, işimiz daha çətin olardı”.
19 yaşlı futbolçu Entoni Qordona verdiyi məhsuldar ötürmədən əvvəl Eren Elmalını keçərkən etdiyi və sosial şəbəkələrdə gündəm olan hərəkətə də münasibət bildirib:
“Həmin epizodu hələ izləməmişəm, çünki duş qəbul edirdim. Hərəkətin adını nə qoyardım? Bilmirəm, bəlkə də buna yarı rabona demək olar (gülür). Hər şey həmin anda öz-özünə alındı. Əsas odur ki, uğurlu oldu və Qordona məhsuldar ötürmə verməyimə kömək etdi”.
Qeyd edək ki, Lamin Yamal “Qalatasaray”la qarşılaşmada 2 məhsuldar ötürmə edib və UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.