Sabah Avropa Çempionatının yarımfinal mərhələsində İspaniya və Fransa üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, qarşılaşma Münhendə keçiriləcək. 23:00-da start götürəcək oyunu sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək.
Sabahkı oyunun qalibi turnirin finalında Hollandiya-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.
İspaniya yarımfinala qədər bütün oyunlarında qələbə qazanıb. İtaliya, Albaniya və Xorvatiyayla bir qrupda yer alan pireneylilər qrupdan birinci çıxmaqla yanaşı, qapılarında qol da görməyiblər. İspaniya növbəti mərhələlərdə Gürcüstan və Almaniyanı mübarizədən kənarlaşdırıb.
Çempionata Avstriya, Hollandiya və Polşa ilə birlikdə D qrupundan qoşulan Fransa isə 1 qələbə və 2 bərabərliklə 5 xalla qrupunu ikinci tamamlayıb. “Xoruzlar” 1/8 final mərhələsində Belçikanı, 1/4-də Potuqaliyanı məğlub edərək yarımfinala yüksəlib.
Ümumi turnirə nəzər saldıqda görmək olur ki, İspaniya hücumda, Fransa isə müdafiədə effektiv oyun nümayiş etdirir.
Çempionatda 5-də 5 edən İspaniya rəqib qapılarına ümumilikdə 102 zərbə endirib. Yığma bu göstəriciyə görə birinci yerdədir. İspaniya 11 qolla Almaniya ilə birlikdə ən çox qol vuran komanda ünvanını da əlində saxlayır.
Fransa milli komandası sadəcə 1 qol buraxdığı turnirdəki 5 oyunun 4-də qapısını qola bağlamağı bacarıb. Onlar yeganə qolu Polşa ilə oyunda 11 metrlik cərimə zərbəsindən buraxıblar.
Sabahkı oyun iki komanda arasındakı 37-ci qarşılaşma olacaq. Bu günə qədərki 36 oyunun 16-sını İspaniya , 13 oyunu isə Fransa qələbə ilə başa vurub. Yeddi mübarizə isə sülhlə yekunlaşıb. Ümumilikdə ispanların vurduğu 64 qola fransızlar 39 qolla cavab veriblər.
İspaniya millisinin heyətində Karvaxal və Robin Le Normand sabahkı oyunu buraxacaq. Onların hər ikisi vərəqə limitinə düşüb. Eyni zamanda, Pedri, Naço və Ayoze Perezin də vəziyyətinə gün ərzində aydınlıq gələcək.
Qeyd edək ki, həm İspaniya, həm də Fransa Avropa Çempionatında 6-cı dəfə yarımfinal oynayır.